Ukrayna Prezidenti Volodimir Zelenski BMT Təhlükəsizlik Şurasında (TŞ) Rusiyanın üzvlüyünə xitam verməyə, yaxud öz-özünü buraxmağa çağırıb.Senzor.az bildirir ki, bu təşəbbüsü dövlət başçısı BMT TŞ-ə videomüraciətində irəli sürüb.
Ukrayna lideri deyib: "Rusiya məqsədli şəkildə Ukrayna şəhərlərini yerlə-yeksan edir, humanitar koridorları blokadaya alır, aclıq böhranı yaradır, insanların gizləndiyi sığınacaqları məqsədli şəkildə bombalayır. Mariupol, Borodyanka, Xarkov və digər şəhərlərdə də vəziyyət Buçadakı kimidir".
Prezident Zelenski bildirib ki, Rusiya Ukraynada törətdiklərini etiraf etmir, müxtəlif versiyalar səsləndirir, hər kəsi günahlandırır: “Rusiya tərəfi iddia edir ki, bu, səhnələşdirilib. Biz bütün faktları toplayırıq, bu yöndə beynəlxalq institutlarla işləyirik, jurnalistlərin bu ərazilərə girişini təmin edirik ki, onlar baş verənləri öz gözləri ilə görsünlər".
O, Ukraynanın hər zaman başqa ölkələrin çətin vaxtlarında onların yanında olduğunu vurğulayıb: “Ona görə də bu gün Ukraynanın haqqı var BMT Təhlükəsizlik Şurasından tələb etsin ki, Ukraynada sülhün təmin olunması ilə bağlı qərar versin: “Belə qərarı verə bilmirsinizsə, onda qalır iki yol: ya Rusiyanı işğalçı dövlət kimi qurumdan xaric edirsiniz, təhlükəsizlik sistemində islahat aparırsınız, ya da başqa alternativ tapılmasa, bu qurumun özünə xitam verirsiniz”.