Böyük Britaniyanın baş naziri Boris Conson Rusiya xalqına videomüraciət dərc edərək, onları Ukraynadakı müharibə ilə bağlı həqiqətə uyğun məlumat axtarmağa çağırıb və rusların həqiqəti bilə-bilə Putinin hərəkətlərini dəstəkləyə bilməyəcəyinə əmin olduğunu bildirib. Senzor.az bildirir ki, bu barədə “Avropa həqiqətləri” məlumat yayıb.
Ukraynanın Buça şəhərindəki faciəyə toxunan Boris Conson çıxışına rus dilində bu sözlərlə başlayır: “Rusiyalılar həqiqəti bilməyə layiqdir, siz faktlardan xəbərdar olmağı haqq edirsiniz. Rusiyalı hərbçilərin Buça, İrpen və Ukraynanın digər şəhərlərində törətdikləri vəhşiliklər bütün dünyanı dəhşətə gətirib”.
Bundan sonra Baş nazir ingilis dilində deyir: “Bu xəbərlər o qədər sarsıdıcı və dəhşətlidir ki, hakimiyyətin bunu sizdən gizlətməyə çalışması təəccüblü deyil... O (Putin) bilir ki, bu, Rusiyanın şərəfinə ləkədir, bu, müharibənin hər günü daha da böyüyəcək və daha da dərinləşəcək”.
Onun fikrincə, Putin həqiqəti gizlədir, çünki onlar həqiqətən baş verənləri görsəydilər, müharibəyə dəstək verə bilməzdilər, həqiqət indi onlarla fəxr edən rus hərbçilərinin analarını dəhşətə gətirərdi.
Conson real vəziyyəti anlamaq istəyən rusları VPN-dən istifadə etməyə, faktları qeyri-rus mediasından öyrənməyə və həqiqəti tanışları ilə bölüşməyə təşviq edir.
“Günahkarlar məsuliyyətə cəlb olunacaqlar. Tarix isə gözünü yayındıranları unutmayacaq”, - o qeyd edir.
B.Conson bundan sonra çıxışını yenə rus dilində bu sözlərlə yekunlaşdırır: "Sizin Prezidentiniz hərbi cinayətlərdə ittiham olunur. Amma inanmıram ki, o, sizin adınızdan hərəkət edir".
Senzor.az