Rusiya Ukraynanın Donetsk vilayətinin Kramatorsk dəmiryolu vağzalını raket atəşinə tutub, nəticədə 4-ü uşaq olmaqla 35 nəfər sakin ölüb, 100-dən çox insan yaralanıb.Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə “Ukrzaliznitsa” (“Ukrayna Dəmir Yolu”) Açıq Cəmiyyətinin İdarə Heyətinin rəhbəri Aleksandr Kamışin məlumat verib.
Raket sakinlər təxliyə olunan zaman düşüb.
Donetsk vilayəti hərbi administrasiyasının başçısı Pavel Kirilenko isə bildirib ki, vağzala “İsgəndər” atılıb: “Polis, xilasedicilər hadisə yerində fəaliyyət göstərirlər. Onlarla ölən və yaralananlar var”.
O, Ukrayna vətəndaşlarını Donetsk vilayətindən çıxmağa çağırıb.
Baş nazirin müavini İrina Vereşşuk da Xarkov, Luqansk və Donetsk vilayətlərinin sakinlərini təxliyə olunmağa çağırıb.
Yeri gəlmişkən, lap son məlumata görə, dəmiryolu vağzalına düşən raket “Toçka U”dur...
Bu arada Rusiya Müdafiə Nazirliyi məlumat yayaraq, aprelin 8-də Rusiya Ordusunun Donetskin Kramatorsk şəhərinin dəmir yolu stansiyasına raket hücumu həyata keçirməsi ilə bağlı iddiaların doğru olmadığını bəyan edib.
"Kiyev millətçi rejiminin nümayəndələrinin aprelin 8-də Rusiyanın Kramatorsk şəhərindəki dəmiryol vağzalına həyata keçirdiyi iddia edilən "raket hücumu" ilə bağlı bütün bəyanatları təxribatdır və tamamilə həqiqətə uyğun deyil. Həmin tarixdə Rusiya silahlı qüvvələrinin Kramatorska heç bir atəş tapşırığı planlaşdırılmayıb", - məlumatda deyilir.
Qeyd edilir ki, Kiyev rəsmiləri Kramatorsk dəmir yolu stansiyası yaxınlığında aşkarlanan qalıqlara əsasən raketin “Toçka-U” olduğunu deyirlər. Bu taktiki raketlərdən isə yalnız Ukrayna hərbçiləri istifadə edir.

