Fransada prezident seçkilərinin birinci turunun nəticələri məlum olub.Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Daxili İşlər Nazirliyi bütün kommunalarda bülletenlərin sayılmasını başa çatdırıb.
Səslərin 100%-i sayıldıqdan sonra Makronun 27,6% səs topladığı bildirilib. Ikinci yerdə gələn Le Pen isə 23,41% səs toplayıb.
Jan-Lük Melanşon seçicilərin 21,95%-nin etimadını qazana bilib.
Digər namizədlərə gəlincə, Erik Zemmur 7,05%, Valeri Perkres 4,79%, Yanik Jado 4,58%, Jan Lasal 3,16%, Fabyen Rusel 2,31%, Nikola Düpon-Enyan 2,07% səs toplayıb.
Bundan başqa, siyahıda son yerdə qərar tutan Anna İdalqo, Filip Putu və Natali Arto müvafiq olaraq 1,74%, 0,77% və 0,57% seçicinin etimadını qazana biliblər.
**02:42
Fransanın hazırkı Prezidenti Emmanuel Makron səslərin 90 faizinin hesablanmasından sonra prezident seçkilərinin birinci turunda 27,40 faiz səslə liderdir.
Senzor.az bildirir ki, Fransa Daxili İşlər Nazirliyinin bu saata olan məlumatında belə deyilir.
Ultra sağçı Milli Birlik partiyasının lideri Marin Le Pen isə 25,05 faiz səs toplayıb.
O da bildirilib ki, ölkənin paytaxt bölgəsində bülletenlərin 45 faizi emal edildikdən sonra Makron 30,41 faiz səslə orada da öndədir.
**01:20
Fransanın Daxili İşlər Nazirliyi prezident seçkilərində səslərin 80 faizinin hesablandığını bildirib.
Ölkənin hazırkı Prezidenti Emmanuel Makron səslərin 27,31 faizini toplayıb. Ultra sağçı Milli Birlik partiyasının lideri Marin Le Pen isə seçici səslərinin 25,70 fazini əldə edə bilib.
Bundan başqa, Jan-Lük Melanşonun seçicilərin 19%-nin səsini topladığı məlum olub.
**23:40(10.04.2022)
Fransada keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.
Senzor.az bildirir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.
Artıq prezident seçkilərində səslərin 40 faizi hesablanıb.
Seçicilərin 28,2 faizi ultra sağçı Milli Birlik partiyasının lideri Marin Le Penə səs verib.
“İrəli, Respublika” Partiyasının namizədi, hazırkı dövlət başçısı Emmanuel Makron isə 26,15 faiz səs toplayıb.
** 22:31
Fransada prezident seçkilərinin birinci turu üzrə seçki məntəqələri saat 20:00-da (Bakı vaxtı ilə 22:00) bağlanıb, səslərin hesablanması başlayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, saat 17:00-a (Bakı vaxtı ilə 19:00) olan məlumata görə, səsvermədə qeydə alınmış seçicilərin 65%-i iştirak edib.
BFMTV kanalının məlumatına görə, hazırki Prezident Emmanuel Makron və ultra sağçı Milli Birlik Partiyasının lideri Marin Le Pen prezident seçkilərinin ikinci turunda iştirak edəcəklər.
İlkin məlumatlara görə, Makron 28,5%, Le Pen isə 24,2% səs toplayıb.
Fransada prezident ümumi seçkilər yolu ilə 5 il müddətinə seçilir. Seçkilər iki turda keçirilir. Marafonun növbəti turu aprelin 24-də baş tutacaq. Bugünkü seçkilərdən fərqli olaraq ikinci turda iki namizəd mübarizə aparacaq.
**10:16
Bu gün Fransada prezident seçkilərinin birinci turu keçirilir.Seçki məntəqələri yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə saat 10:00) açılıb. Lakin onlar öz işlərini müxtəlif vaxtlarda başa çatdıracaqlar.
Belə ki, əksər yaşayış məntəqələrində onlar saat 19:00-da (Bakı vaxtı ilə saat 21:00) bağlanacaq, böyük şəhərlərdə, məsələn, Paris, Lill, Bordo və Tuluzada səs vermək istəyənləri isə saat 20:00-a qədər (Bakı vaxtı ilə saat 22:00) qəbul edəcəklər.
Seçkilərdə səs vermək üçün Fransa vətəndaşları şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər. Epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar seçki məntəqələrində sosial məsafə tədbirləri və qoruyucu maskaların məcburi taxılması ləğv edilib.
Saat 12:00-da (Bakı vaxtı ilə 14:00) seçici fəallığı ilə bağlı ilk məlumatın açıqlanacağı gözlənilir. “Exit-poll”un ilk proqnozları və nəticələri saat 20:00-dan sonra (Bakı vaxtı ilə 22:00) ictimaiyyətə açıqlanacaq.
“Report” xatırladır ki, Fransa seçiciləri ölkə prezidentliyinə 12 namizəddən birinə səs verməli olacaqlar.
Səsvermə bülletenlərində adları olan namizədlər bunlardır: Fəhlə Mübarizə Partiyasından Natali Arto, sağçı “Qalx ayağa Fransa” Partiyasının lideri Nikola Düpon-Enyan, Fransa Yaşıllar Partiyasının namizədi Yannik Jado, Paris meri və sosialistlərin namizədi Anna İdalqo, “Müqavimət” Partiyasının deputatı Jan Lassal, ultra sağçı Milli Birlik partiyasının lideri Marin Le Pen, “İrəli, Respublika” Partiyasının namizədi, hazırkı dövlət başçısı Emmanuel Makron, ifrat solçu “Sarsılmaz Fransa” Partiyasının lideri Jan-Lyuk Melenşon və digərləri.
Beləliklə, namizədlər arasında dörd qadın yer alıb. Prezidentlik uğrunda siyasi yarışın ən gənc namizədinin 44 yaşı (Makron), ən qoca iştirakçısının 70 yaşı (Melenşon) var.