Tanınmış jurnalist, “Real” Təhlil və İnformasiya Mərkəzinin rəhbəri Mir Şahin Ağayev bazar günü efirə gedən müəllif proqramında Azərbaycanın Vətən Müharibəsindəki qələbəsini tərənnüm edə bilmədiklərinə görə yaradıcılıqla məşğul olanları kəskin tənqid edib.Mir Şahin deyib: “Azərbaycanın, hər birimizin ləyaqət tarixində ən uca məqamda bərqərar olası fakt – Qarabağın geri qaytarılması da daxil olmaqla dövlətin ərazi bütövlüyünün təmin olunması sanki artıq uzaq keçmişdə qalıb” deyən Mir Şahin sual edib: “Bağışlayın məni, hanı bizim qələbəmiz? Nə olub bizə? Yəni şeir də yaza bilmirik? Hanı gölməçə boyda olub özünü dəniz sayan şairlər, yazıçılar, bəstəkarlar? Yaxşı... tutaq ki, əvvəllər bəhanəniz var idi: Qələbə ilə bitməyən davadan yazmaq çətindir, ya da gərək üstündən xeyli keçə, mövzu oturuşa və sair, gic-gic bəraətləndirmələr. İndi ki, artıq qələbəmiz var! Özü də necə! Dünyaya nümunə! Hamı bu qələbəni öyrənir. Bəs onda hanı bizim “Den Pobedı”mız? “Juravli”lərimizi – Durnalarımızı tülkü yeyib? Hanı operamız, hanı nəğmələrimiz, hanı hekayələrimiz... Hara qeyb olmusunuz?
Niyə seriallarımızın qəhrəmanlarına heç olmasa, cəbhədən bir zəng belə gəlmir? Ya da təsadüfən kimsə Qarabağın qayıdışından danışmır. Axı onları siz indi çəkirsiniz? Yəni təhtəlşüurunuza girmir bu? Bu yaxınlarda ARB kanalında bir seriala rast gəldim. “Çətin hədəf: İfşa”. Yaxşı ki rast gəldim. Yoxsa elə başa düşəcəkdim ki, rejissorlarımız sadəcə Qələbə orucu tutublar. Dinmirik, susuruq, görmürük. Nə baş verir? Yoxsa Azərbaycan ədəbiyyatını yaratmalı olan şəməqüdə yonanların Anarın sədrlik postundan başqa heç bir mövzusu yoxdur?
Unutmayaq: Qələbəni qazanan əsgər, tarixə köçürən, yaddaşlara həkk edən, əbədiləşdirən ədəbiyyatdır. Kompleksdən çıxın, hörmətli qələm sahibləri! Yazın, qalibləri vəsf edin, qələbəni tərənnüm edin. İnsanlar bu zəfər üçün şəhid olublar! Əlini, qolunu, gözünü itiriblər. Azərbaycanın qalibiyyətinə layiq olmağa çalışın. Qaragüruhun üfunət dolu yedəyindən çıxın. Sosial şəbəkələrdə boş-boş az küllənək. Noyabrda iki ili olacaq qələbənin. İki normal əsərimiz belə yoxdur! Onu da Prezident yazmalıdır? Azərbaycanın qələbəsi heç də Lev Tolstoya “Hərb və sülh” yazdıran qələbədən əskik deyil! Əksinə, artıqdır. Bəlkə əskik olan sizsiniz?! Təhqir üçün demirəm, sadəcə soruşuram. Əgər belə deyilsə, onda sübut edin...”.