Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə diqqət çəkən açıqlama verib. Senzor.az yerli KİV-ə istinadən bildirir ki, o, Qarabağ məsələsi ilə bağlı danışarkən "erməni xalqını qurbanlıq qoyun statusundan çıxarmaq lazımdır" ifadəsini işlədib.
“Bu gün bizə deyirlər ki, Qarabağı təslim etmişik. Əgər Qarabağı təslim etmək istəsəydik, Serj Sarkisyanın danışıqlarının məntiqini davam etdirərdik. Beləliklə də, Qarabağı verərdik”, - Paşinyan deyib.
Baş nazir iddia edib ki, müharibə Şuşa uğrunda aparılıb. Ermənistan hakimiyyəti müharibəni dayandırmağa çalışmadığına görə tənqid edilir, lakin bu heç də belə deyil: “Şuşa olmadan müharibəni dayandırmaq və ya qarşısını almaq mümkün deyildi. Bu, sadəcə olaraq mümkün deyildi. Mən bu barədə dəfələrlə danışmışam”, - Paşinyan xatırladıb.
O qeyd edib ki, ölən erməni hərbçiləri Qarabağın geri qaytarılmaması üçün döyüşüblər: “Əgər başqa yolla getsək, biz Qarabağı itirəcəyik. Fərrux hadisələri sizə örnəkdir. Bir-birinizi aldatmağa son qoyun. Biz yolları ona görə açırıq ki, ifadəyə görə üzr istəyirəm, xalqımızı qurbanlıq qoyun statusundan çıxaraq... Müharibənin olub-olmayacağına biz qərar vermədik. Biz heç nəyə qərar vermədik. Mən bu gün deyirəm ki, Ermənistan suveren ölkədir və biz nəyisə həll etmək hüququnu özümüzə qaytarmalıyıq. Çünki biz dövlətik, at tövləsi deyilik. Biz vətəndaşıq, qurbanlıq quzu deyilik ki, müxtəlif yerlərdə bizi nə qədər və necə kəsəcəklərinə və ya bizi bağışlayacaqlarına qərar versinlər”, - baş nazir deyib.
Baş nazir gələcək nəsillərin bu statusda qalmasına imkan verməyəcəyini bəyan edib.