Kiyevin AFR Federal Prezidenti Frank-Valter Ştaynmayerin Ukrayna paytaxtına gəlməsinə icazə verməkdən imtina etməsi Berlin rəsmiləri tərəfindən də cavabsız qalmayıb.Senzor.az yerli KİV-ə istinadən bildirir ki, AFR Kanslerinin müavini və iqtisadiyyat naziri Robert Habek bu gözlənilməz addıma görə Ukraynanı kəskin tənqid edib. Vitse-kansler vəziyyətə aydınlıq gətirərək deyib: “Ukrayna Ştaynmayerə rədd cavabı verməklə çox ciddi diplomatik səhv edib. Federal Prezident Almaniya deməkdir. Ştaynmayeri Kiyevdə qəbul etməkdən imtina olunması bütün Almaniya üçün rədd cavabı deməkdir”.
Jurnalistlər Habekdən soruşublar ki, Ştaynmayerin əvəzinə federal kansler Olaf Şolts Kiyevə gedəcəkmi? Şoltsun müavini bu suala cavab olaraq deyib: “Bundan ötrü telefonlar icad edilib”.
Bu arada məlum olub ki, Kiyev ilə Berlin arasında yaranmış qalmaqala Olaf Şolts da biganə qalmayıb.
Belə ki, Almaniya hökumətinin başçısı indiki mərhələdə onun Kiyevə səfərinin mənasız olduğunu bildirib. Şoltsun sözlərinə görə, Ukraynanın Ştaynmayeri qəbul etməmək qərarı “onu (Şoltsu – red.) hövsələdən çıxarıb və hətta bir qədər əsəbiləşdirib”. “Yaxşı olardı ki, Kiyevdə Ştaynmayeri qəbul edəydilər”, - deyən Şolts daha sonra əlavə edib ki, münaqişə başlayandan bir neçə gün əvvəl o Kiyevdə olub və Prezident Zelenski ilə daim əlaqə saxlayır.
Xatırladaq ki, aprelin 12-də “Bild” qəzeti Ukrayna Prezidenti V. Zelenskinin alman həmkarı Frank-Valter Ştaynmayeri Rusiyaya qarşı siyasətinə görə Kiyevdə qəbul etməkdən imtina etdiyi barədə məlumat yayıb.
Məlumat yayılan kimi, Zelenskinin qərarı Almaniyada narazılığa səbəb olub və müxtəlif partiyaların siyasətçiləri tərəfindən kəskin tənqid edilib. Ştaynmayer özü də təsdiqləyib ki, Kiyev onun yaxın günlərdə səfərə gəlməsini istəmir.
Düzdür, Ukrayna lideri Volodimir Zelenski Latviya, Litva, Polşa və Estoniya prezidentləri ilə məlum görüşdən sonrakı mətbuat konfransında bildirmişdi ki, “Kiyev Almaniyadan Prezident Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin səfəri ilə bağlı sorğu almayıb”. Yəni o, “Bild”də yazılanların doğru olmadığına işarə vurmuşdu. Amma Kanslerin və müavinin dediklərindən belə anlaşılır ki, Zelenskinin arqumenti onlara, yumşaq desək, inandırıcı gəlməyib. Bir də, faktı Almaniya Prezidenti özü də təsdiqləyib axı!