Bu ilin ikinci yarısından etibarən Azərbaycanda ''AVRO-5'' standartlarına cavab verən yanacaq istehsal ediləcək. Senzor.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında Heydər Əliyev adına Neft Emalı Zavodunun "Modernizasiya və yenidənqurma" layihəsinin rəhbəri Emil Alxaslı deyib.
E. Alxaslının sözlərinə görə, yenidənqurma işləri ilə bağlı hazırda zavodda ''Aİ 92'' markalı benzinin istehsalı dayanıb: “Buna baxmayaraq, daxili bazarda bu növ yanacaqla bağlı qıtlıq olmayacaq. İlk öncə “Avro-5” dizel istehsalı alınması üçün lazım olan qurğuların istismara verilməsi nəzərdə tutulur. Plana əsasən, 2022-ci ilin ortalarında “Avro-5” dizel istehsal edə biləcəyik. Daha sonra mütəmadi olaraq benzinin keyfiyyəti artırılaraq 2023-cü ilin ortalarında “Avro-5” standartlarına uyğun benzin istehsalı təmin olunacaq. Dizel-kerosin yanacaq təminatı daxili istehsal, benzin ehtiyatının bir qismi isə idxal hesabına təmin olunacaq”.
Layihə rəhbəri zavod tam istismara verildikdən sonra daxili bazarın “Avro-5” standartlarına uyğun dizel və benzinlə tam təmin ediləcəyini qeyd edib.
Bu arada bu gün Neft Emalı Zavodunun "Modernizasiya və Yenidənqurması" layihəsi çərçivəsində ictimai dinləmə də keçirilib. Tədbirdə müxtəlif dövlət qurumlarının nümayəndələri, ətraf mühit üzrə mütəxəssislər və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak ediblər. Dinləmə zamanı zavod ərazisində inşası davam etdirilən Çirkab Suların Təmizlənməsi Qurğusunun ekoloji və ətraf mühitə olan müsbət təsirləri haqqında iştirakçılara məlumat verilib.
Çirkab və yağış sularının idarəolunacağı qurğunun da cari ilin ikinci yarısında istismara verilməsi nəzərdə tutulur.