Bu gün Ermənistan baş naziri Nikol Paşinyan Moskvada Rusiya Prezidenti Vladimir Putinlə növbəti dəfə görüşəcək. Ədalət Partiyası sədrinin müavini, siyasi şərhçi Elxan Şükürlü sosial şəbəkədə paylaşdığı qeydlərində bildirib ki, bu, Paşinyan üçün 2020-ci ilin 10 noyabrından üzübəri keçirdiyi görüşlər içərisində, bəlkə də, ən gərgini və həlledicisi olacaq: “Çünki Rusiya tərəfindən Qarabağ probleminin həlli məqsədilə ona verilmiş vaxt limiti artıq bitir və son 17 ay ərzində ictimai rəyi sülhə hazırlamaq bəhanəsilə prosesi süni şəkildə uzatmağa və Qərbi sülh danışıqlarına cəlb etməyə çalışan Paşinyan, Putinin zəmanəti ilə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində real addımlar atmalıdır.
Elxan ŞükürlüƏks halda, bu, təkcə onun hakimiyyətdən devrilməsi yox, həm də öldürülməsi ilə nəticələnə bilər və belə bir aqibətdən Paşinyanın Qərbdəki himayəçiləri, o cümlədən ABŞ və Avropa İttifaqı da ciddi şəkildə narahatdırlar. Onlara Paşinyanın, hətta Rusiyaya daha ciddi güzəştlər hesabına olsa belə, hakimiyyətdə qorunub saxlanması son dərəcədə vacibdir”.
Ekspertin fikrincə, hazırda bütün dünyanın hədəfində olan Putinsə yaxşı başa düşür ki, Paşinyanı üzərinə götürdüyü öhdəlikləri tezliklə yerinə yetirməyə vadar etməzsə, bu, xüsusən də 44 günlük Qarabağ savaşından sonra regionda qazandığı yeni dostlarının – Azərbaycan-Türkiyə ittifaqının ciddi etirazları ilə nəticələnə və bölgədə hərbi-siyasi gərginliyi yenidən artıra bilər: “Putin Rusiyasına isə indi onu Qərbə satmış Paşinyan Ermənistanıyla yox, Azərbaycan-Türkiyə ittifaqıyla münasibətlərini qoruyub saxlamaq daha önəmlidir və bu münasibətlərin rəvan inkişafı Ermənistanı da öz orbitində saxlamağa kifayət edəcək”.
E.Şükürlü hesab edir ki, bu baxımdan, Putin-Paşinyan görüşü bəzilərinin iddia etdiyi kimi, heç də Brüssel görüşünün pozulması yönündə deyil, daha çox Azərbaycan və Ermənistan rəhbərləri arasında 10 noyabr 2020, 11 yanvar 2021, 26 noyabr 2021 və 6 aprel 2022-ci il tarixli razılaşmaların yerinə yetirilməsi istiqamətində əhəmiyyətli addım olacaq: “Xüsusən də nəqliyyat-kommunikasiya xətlərinin tezliklə açılması üçün Putinin bu görüşdə Paşinyana təzyiqlərini artırcağını gözləyə bilərik. Çünki bu xətlərin işə düşməsi indi Ukraynaya hücumuna görə Qərbin sərt sanksiyalarına, blokadasına məruz qalan və yeni nəfəsliklər arayan Rusiyanın özü üçün hamıdan daha çox gərəklidir”.