Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzda 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.Hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Əlibaba Rzayev ibtidai istintaqda ifadə verən bəzi şahidlərin məhkəmədə dindirilməsi ilə bağlı vəsatət qaldırıb.
Vəkil qeyd edib ki, istintaq zamanı İlkinlə birlikdə cəzaçəkmə müəssisəsində olmuş şəxslərdən ikisi ifadəsində İlkinin gecələr sayaqlayaraq Nərmini öldürdüyünü dediyini bildirib: "Eyni yerdə saxlanılan digər iki şahid isə İlkinin elə bir şey demədiyini bildirib. İstintaq orqanı təqsirləndirlilən şəxsin əleyhinə ifadə verən iki nəfəri şahid kimi tanınsa da, digər iki nəfəri şahid kimi tanımayıb".
Məhkəmə vəsatəti təmin edib.
Daha sonra vəkil kənd sakinləri Rüfət Əliyev və Zahidə Əliyevanın məhkəmədə dindirilməsini istəyib. Onun sözlərinə görə, həmin kənd sakinləri istintaq zamanı bildiriblər ki, Nərminin əmisi Arif Əliyev bu hadisədən-cəsəd yandırılmamışdan iki gün əvvəl meyitin onların həyətinə atıla biləcəyi ehtimalını deyib.
"Sözügedən şəxslər Nərminin yanmış meyiti aşkar edilməzdən iki gün əvvəl Arif Quliyevlə danışıblar. Arif deyib ki, ehtiyatlı olun, Nərminin meyiti sizin qapınıza atıla bilər. Arif nə bilirdi ki, Nərminin meyiti kiminsə qapısına atılacaq?” - vəkil qeyd edib.
Vəkil həmçinin İlkin Süleymanovun qardaşı Hüseyn Süleymanovun, bacısı İlhamə Süleymanovanın övladlarının və şagirdlərinin məhkəmədə ifadə vermələrini istəyib: "Nərminin atası Şərif Quliyev qızının yanmış cəsədi aşkar edilən yerdə bir gün sonra qazıntı aparıb. Torpağı qazmaq üçün beli isə Hüseyndən alıb. Hesab edirik ki, Hüseynin də məhkəmədə ifadə verməsi lazımdır. O, Nərminin atası Şəriflə birgə cəsəd aşkar edilən yeri qazaraq izi itirməyə çalışıblar.
İlkinin bacısı uşaqlarına gəlincə, onlar dəfələrlə Nərminin saxlanıldığı iddia edilən otaqda olublar. Bundan başqa, İlkinin bacısı İlhamənin həmin vaxt atasına baxdığını sübut etmək üçün dərs dediyi şagidlər də şahid kimi dindirilməlidir".
Məhkəmə bu vəsatətləri də təmin edib.
Proses sabah davam etdiriləcək.
Trend xatırladır ki, 2019-cu il noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İ.Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinib və barəsində cinayət işi açılıb.