Rusiya Prezidenti Vladimir Putinin gözlənilmədən Mariupoldakı “Azovstal” zavoduna hücumdan imtina etməsi Qərbin marağına səbəb olub.Britaniya kəşfiyyatı isə bu diqqətçəkən hadisəyə xüsusi reaksiya verib.
İngilis kəşfiyyatçıları belə hesab edirlər ki, bu qərar Rusiyanın öz hərbçilərini daha çox Ukraynanın şərqindəki başqa yerlərdə yerləşdirmək istəyindən xəbər verir.
Britaniya kəşfiyyatının yaydığı məlumatda qeyd edilir ki, Rusiyanın zavoda planlaşdırılan tammiqyaslı hücumu Moskvanın əhəmiyyətli itkilər verərək, qoşunların ümumi döyüş effektivliyini daha da azaldacaqdı.
Bununla belə, Rusiya Popasna daxil olmaqla, daha da irəliləməyə çalışdığı üçün Donbasın şərqində güclü döyüşlər davam edir.
"Ruslar hələ də müharibənin əvvəlində olduğu kimi itkilər verirlər. Onlar tükənmiş qüvvələrini bərpa etməyə çalışırlar və bunun üçün işlək olmayan avadanlıqları təmir məqsədilə ölkəyə qaytarırlar", - Britaniyalıların hesabatında deyilir.
Azvision.az xatırladır ki, dünən Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqunu qəbul edib. Şoyqu Mariupolu tam şəkildə ələ keçirdiklərini, yalnız "Azovstal" zavodunda bir neçə min hərbçinin mühasirədə qaldığını məruzə edib. Putin isə "Azovstal"a hücumun dayandırılması barədə göstəriş verib. Bundan əvvəl isə zavodun ərazisi havadan bir neçə dəfə uğursuz hücumlara məruz qalmışdı.