İran İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) Sistan-Bəlucistan əyalətindəki bölmələrinin baş komandanı general Hüseyn Almasinin olduğu avtomobil naməlum şəxslər tərəfindən atəşə tutulub.Yerli KİV-in məlumatına görə, hadisə əyalətin mərkəzi Zahidan şəhərində nəzarət-buraxılış məntəqəsində olub.
Rəsmi mənbələr Hüseyn Almasinin xəsarət almadığını bildirsələr də, onun mühafizəçisinin həlak olduğunu təsdiqləyiblər.
Məlumata görə, həlak olan mühafizəçi Mahmud Absalan İran İnqilab Keşikçiləri Qvardiyasının Salman Farsi adına 110-cu briqadasının komandiri general Pərviz Absalanın oğludur.
Sistan-Bəlucistan əyaləti valisinin müavini Əlirza Mərhəməti hücum etməkdə şübhəli bilinənlərin Zahidan şəhərinin girişindəki nəzarət-buraxılış məntəqəsində tutulduqlarını deyib.
“Report” xatırladır ki, Sistan-Bəlucistan İran üçün gərginlik mənbələrdəndir. Bu əyalət Əfqanıstan və Pakistanla həmsərhəddir. Hər üç ölkənin sərhədində əsasən, bəluclar yaşayır.