İsrailin Baş naziri Naftali Bennetin evinə içərisində güllə olan təhdid məktubu göndərilib.Senzor.az “İsrail xəbərləri”nə istinadən bildirir ki, polis və ölkənin Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) dərhal fövqəladə hadisənin təhqiqatına başlayıblar.
Məlum olub ki, məktub şəxsən Baş nazirin özünə deyil, ailə üzvlərindən birinin adına ünvanlanıb və Bennettin ailəsi ilə birlikdə yaşadığı Raananadakı evinə çatdırılıb.
Baş nazirin Dəftərxanasının Təhlükəsizlik Xidməti Bennet ailəsini mühafizə edən xüsusi bölmədəki əməkdaşların sayını artırıb. ŞABAK və polisin birgə həyata keçirdiyi araşdırmanın təfərrüatlarının dərc edilməsinə tam qadağa qoyulub. Naftali Bennet özü bəyanatla çıxış edərək qeyd edib ki, heç bir mübahisə və fikir ayrılıqları zorakılığa çevrilməməlidir: “Biz hamımız insanıq. Mübahisələr və fikir ayrılıqları olur- bəli, zorakılıq və təhdidlər isə olmamalıdır. Mən Baş nazir və siyasətçiyəm, amma həm də ər və atayam, həyat yoldaşımı və uşaqlarımı qorumaq da mənim borcumdur. Anım günü və Müstəqillik günü ərəfəsində baxışlarından asılı olmayaraq bütün siyasətçiləri, xüsusən də sosial şəbəkələrdə aktiv olan insanları sakitliyə, barışığa çağırıram. Bizim bir evimiz var və biz onu yandırmamalıyıq”.
Senzor.az