Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Baş prokuror Kamran Əliyev aprelin 28-də Ağstafa Rayon Prokurorluğunun inzibati binasında Ağstafa, Qazax və Tovuz rayonlarından olan vətəndaşları qəbul edib.Senzor.az-ın məlumatına görə, Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Kamran Əliyev bölgədə yaşayan 23 vətəndaşın müraciətində qaldırılan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.
Qəbuldan sonra Baş prokuror Ağstafa, Qazax və Tovuz Rayon prokurorluqlarının işçiləri ilə görüş keçirib. Görüşdə bölgədə ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması üçün konkret tapşırıqlar verilib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşımaları diqqətə çatdırılıb. APA bildirir ki, Baş prokuror Ağstafada vətəndaşlarla görüşü zamanı Tovuzda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun qardaşı Adil Süleymanovu da qəbul edib.
Adil Süleymanov sayta açıqlamasında deyib ki, görüş zamanı İlkin Süleymanovun təqsirsizliyinə dair bir neçə sübut Baş prokurora təqdim olunub. “Qəbul bir neçə rayonun sakinləri üçün nəzərdə tutulduğundan görüş qısa keçdi. Buna baxmayaraq, Baş prokuror digərləri ilə müqayisədə bizə çox vaxt ayırdı. İlkinin günahkar olmadığına dair əlimizdə olan bütün sübutları çatdıra bilməsək də, bir neçə əsas sübutu təqdim edə bildik”, - deyə o qeyd edib.
Baş prokuror cinayət işi ilə bağlı məhkəmə istintaqının davam etdiyini, işin obyektiv araşdırılmasında maraqlı olduğunu bildirib.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək, barəsində cinayət işi açılıb.