Aprelin 29-da saat 02:50 radələrində Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinə Maştağa qəsəbəsindəki kafelərin birində münaqişə olması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gəliblər.Senzor.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bildirir ki, araşdırma zamanı kafeni işlədən Ləman Heydərova Teymur adlı şəxsin sərxoş vəziyyətdə bıçaqla onları hədələyərək 1000 manat pul tələb etməsini, kafenin şüşələrini sındırmasını, işçilərdən birinə isə bıçaqla xəsarət yetirərək getməsini bildirib.
Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa zamanda həmin şəxsin yeri müəyyənləşdirilib. Saxlanılması üçün ona yaxınlaşdıqda həmin şəxs bıçaqla polis əməkdaşlarına hücum edib xəsarət yetirməyə cəhd göstərərkən xidməti avtopatrul maşınını zədələyib. Bu zaman polis əməkdaşları tabel silahından havaya iki dəfə xəbərdarlıq atəşi açıb. Buna baxmayaraq, o, silahlı müqavimətini davam etdirdiyindən onun ayaq nahiyəsinə atəş açılmaqla zərərsizləşdirilib.
Polis əməkdaşları dərhal ona ilkin tibbi yardım göstərib, yaxınlıqdakı xəstəxanaya yerləşdiriblər.
Hazırda onun vəziyyəti qənaətbəxşdir, həyatına təhlükə yoxdur.
Araşdırmalarla həmin şəxsin əvvəllər üç dəfə məhkum olunmuş Maştağa qəsəbə sakini, 49 yaşlı Teymur Yolçuyev olduğu müəyyənləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.