Dünən Rusiya xarici işlər naziri Sergey Lavrovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında telefon danışığı olub. Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, tərəflər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına dair fikir mübadiləsi aparıblar. Diplomatlar, həmçinin sərhədlərin delimitasiyası və demarkasiyası üzrə üçtərəfli komissiyanın fəaliyyəti barədə danışıblar. Bildirilib ki, mayın 13- də MDB xarici işlər nazirlərinin Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək iclası çərçivəsində Azərbaycan XİN başçısı Ceyhun Bayramovla rusiyalı və ermənistanlı həmkarlarının üçtərəfli görüşünün təşkili gözlənilir.
İlk növbədə onu deyək ki, Ermənistan baş naziri Nikol Paşinyanın Moskvaya səfərindən və Prezident Vladimir Putinlə görüşündən sonra nazirlərin təması gözlənilən idi. Kreml Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşması prosesini öz nəzarətində saxlamaq istəyir. Yaxın günlərdə Lavrovla Bayramov arasında telefon danışığının baş tutacağı da gözləniləndir. Rusiya sülh müqaviləsinin imzalanmasında özünü maraqlı kimi göstərmək istəsə də, əslində məqsəd başqadır: prosesləri tormozlatmaq. Paşinyanın Moskva səfərindən sonra baş verənlər, o cümlədən baş nazirin regionla bağlı bəyanatlarının məzmunundakı dəyişiklik, sərhəddə baş verən təxribat bunu deməyə əsas verir. Ermənistanda Paşinyan əleyhinə aksiyalar isə Rusiyanın Ermənistana təzyiqinin təzahürü kimi qiymətləndirilməlidir.
Doğrudur, Kreml Cənubi Qafqazla uzunillik siyasətinə sadiqdir. Yəni münaqişə ocağının qalmasını istəyir. Lakin nəzərə almaq lazımdır ki, artıq yeni reallıqlar yaranıb. Ukrayna ilə davam edən müharibə nəticəsində Rusiya sivil dünyadan getdikcə təcrid olunur, zəifləyir, imicini itirir. Əlbəttə, savaş, o cümlədən Qərbin tətbiq etdiyi sanksiyalar Moskvanın Cənubi Qafqazdakı təsir gücünü azaldır. Odur ki, Rusiya Azərbaycanla Ermənistan əlaqələrinin normallaşması istiqamətində hansısa nəticələrin əldə olunmasına yardım edə bilər. Çünki proses onsuz da başlayıb və sürətlə davam edir. Kreml yaxşı başa düşür ki, bəzi məsələlərə, o cümlədən sərhədlərin müəyyənləşdirilməsinə, sülh müqaviləsinin imzalanmasına müəyyən töhfələr vermək, proseslərin Qərbin vasitəçiliyi ilə və ya ikitərəfli formatda inkişafı daha yaxşıdır. Bu mənada Düşənbədə keçiriləcək görüşlərdə müəyyən razılıqlarını əldə olunacağını düşünmək olar. Müharibə nə qədər ki, bitməyib və nə qədər ki, Rusiya qalib olmayıb regionda əməkdaşlıq platformasının formalaşması üçün optimal imkanlar yaranıb. Yəqin ki, yaxın gələcəkdə bu fürsətlərin nəticələrini görəcəyik.
Kənan Novruzov,
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti