Prezidentin beynəlxalq konfransdakı çıxışında 3 mühüm məqam - NƏLƏR MÜZAKİRƏ EDİLDİ?
Məlum olduğu kimi, aprelin 29-da ADA Universitetində Azərbaycan Prezidenti İlham Əliyev və 23 ölkədən 40 iştirakçının   qatıldığı “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. 
 
Konfrans istər iştirakçıların Prezident İlham Əliyevə ünvanladığı suallar, istərsə də ölkə başçısının həmin suallara verdiyi cavablar baxımından olduqca maraqlı keçdi. Prezidentin konfrans iştirakçılarının suallarına verdiyi dolğun və ətraflı cavablar onun siyasi savadını, eyni zamanda dünyada baş verən proseslər barədə yüksək məlumatlılıq səviyyəsinə malik olduğunu bir daha sübut etdi.
 
Sərhədlər bu xəritələrlə müəyyən ediləcək
 
Zənnimcə, konfrans çərçivəsində ən çox diqqətçəkən suallardan biri Tehrandakı Mərkəzi Asiya və Qafqaz Araşdırmaları Mərkəzinin baş elmi işçisi doktor Vəli Kalecinin “Sərhədlərin müəyyən edilməsi üçün SSRİ-nin hansı rəsmi xəritəsindən istifadə etmək Sizinlə Paşinyan və Putin arasında razılaşdırılıb” - sualı oldu. 
 
Vəli Kalecinin Prezidentə ünvanladığı sual əslində son günlər istər yerli, istərsə də xarici ekspertləri düşündürən başlıca sualdır. Məsələ ondadır ki, Azərbaycan ilə Ermənistan arasında sərhədin delimitasiyasının SSRİ xəritələri əsasında aparılacağı bəlli idi. Lakin konkret neçənci ilin xəritələrinə istinad ediləcəyi bəlli deyildi. Digər tərəfdən, rəsmi Bakı və İrəvan arasında bu istiqamətdə fikir ayrılıqları da var. Belə ki, sərhədlərin delimitasiyasının SSRİ-dən qalan xəritələr əsasında aparılması ümumilikdə Ermənistanın maraqlarına uyğun deyil. Çünki həmin xəritələrdə anklavlar, eksklavlar, Qazaxın 7 kəndi kimi məsələlər də öz əksini tapır. 
 
Prezident Vəli Kalecinin sualına verdiyi cavab bu məsələyə aydınlıq gətirdi. Prezident açıq şəkildə qeyd etdi ki, “Bizim mövqeyimiz budur ki, biz məsələn, 1918-ci ildən və ya daha əvvəldən başlayaraq 1991-ci ildə Sovet İttifaqı dağılanadək bütün xəritələri götürəcəyik. Amma əlbəttə, bu, bizim birgə işçi qrupumuzun müzakirələrinin bir hissəsi olacaq”. 
 
Prezident bununla açıq mesaj verdi ki, bəli,  bizim başqa dövlətlərin torpağında gözümüz yoxdur, ancaq Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi  tanımasa, rəsmi Bakı elə edəcək ki, Zəngəzur, Göyçə kimi məsələlər yenidən gündəmə gələcək. Onsuz da XX əsrin əvvəllərində Ermənistana verilən Zəngəzur, Göyçə, İrəvanla bağlı tarixi faktlar ən yüksək səviyyədə zaman-zaman gündəmə gətirilib. 
 
Əliyevdən Ukrayna ilə bağlı açıqlama
 
Böyük Britaniyanın Henri Cekson Cəmiyyətinin strateji münasibətlər üzrə meneceri Alyona Hlivkonun Prezident İlham Əliyevə ünvanladığı “Bu gün Sizin Ukrayna üçün şəxsi məsləhətiniz nə ola bilər” sualı da diqqət çəkdi. Prezident İlham Əliyev Alyona Hlivkonun sualına cavab olaraq Ukraynaya 3 tövsiyə verdi:
Birincisi, ərazi bütövlüyünün pozulması ilə razılaşmayın. Bu faktiki olaraq rəsmi Bakının Rusiya-Ukrayna müharibəsində işğalçı ilə işğala məruz qalana verdiyi real qiymətdir. Bunu ölkə başçısının, “Bizim təcrübəmizə əsaslanaraq, ən önəmlisi heç bir zaman işğalla razılaşmamaqdır” sözləri də təsdiqləyir. Prinsip etibarilə, Azərbaycan hər zaman Ukraynanın ərazi bütövlüyünü tanıyıb. Misal üçün, hələ Krımın ilhaqı zamanı yarımadanın Ukraynaya məxsus olduğunu açıqca elan edib. Rəsmi Bakının mövqeyi bu gün də dəyişməyib. 
 
İkincisi, öz ehtiyatlarına bel bağlamağı. Prezident bununla istənilən xarici yardıma baxmayaraq Ukraynanın öz ehtiyatlarına arxayın olmalı olduğu mesajını verdi. Bu gün Ukraynaya edilən yardımların onda biri Azərbaycana nə 44 günlük müharibə zamanı, nə də Birinci Qarabağ müharibəsi zamanı edildi. Bununla belə, rəsmi Bakı 27 illik işğala 44 günlük müharibə ilə son verdi. Azərbaycan öz ehtiyatları və təbii resurslarına arxalanaraq erməni işğalına son qoydu. 
 
Üçüncüsü, beynəlxalq təşkilatların qətnamə və qərarlarına güvənməməyi. Prezident qeyd etdi ki, “BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının bizim ərazimizdən qeyd-şərtsiz, tamamilə və dərhal çıxarılmasına dair 27 il ərzində icra olunmayan dörd qətnamə qəbul edib. Biz onları özümüz icra etmişik. Bu qətnamələri qəbul edən ölkələrdən üçü BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür və ATƏT-in Minsk qrupunun həmsədrləridir”. 
 
Prezident bununla faktiki olaraq Ukraynanın tək və real dostunun yenə Ukrayna xalqı olduğu mesajını verdi. Yəni qəbul edilən qətnamələrin hüquqi əsası olsa da praktik faydası yoxdur. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini nə ATƏT-in Minsk qrupu, nə də BMT-nin qəbul etdiyi 4 qətnamə bitirdi. Azərbaycan öz torpaqlarını işğaldan hərbi yolla özü azad etdi. 
 
Tiflis bunu etdi, Qazaxıstan, Türkmənistan və İran isə...
 
Prezidentin konfrans çərçivəsində toxunduğu məqamlardan biri də 44 günlük müharibə zamanı  Ermənistanın Rusiyanı müharibəyə çəkmək cəhdləri və bu ölkəyə yardım edən ölkələr haqda oldu. Prezident açıq qeyd etdi: “Biz bilirik ki, Ermənistan Qarabağdakı müharibəyə Rusiyanı cəlb etmək istəyirdi. Lakin bu, baş tutmadı. Çünki biz öz torpaqlarımızda döyüşürdük”. 
 
Ermənistanın müharibənin gedişində Azərbaycanın cəbhə xəttindən çox uzaqda yerləşən şəhərlərini öz ərazisindən raket atəşinə tutmasının əsl səbəbi məhz bu idi. Ermənistan güman edirdi ki, Azərbaycanı öz ərazisinə çəkib, KTMT-yə müraciət edib yardım ala biləcək. Lakin ölkə başçısının qeyd etdiyi kimi bu baş tutmadı. Rəsmi Bakı Ermənistanın niyyətini çox yaxşı anlayırdı. 
 
Bununla belə, hesab edirəm ki, Prezident tarixi bir etirafı da etdi. O qeyd etdi ki, “44 günlük Vətən müharibəsi dövründə yük təyyarələri vasitəsilə Rusiyadan Ermənistana müntəzəm olaraq silahlar daşınıb”. Prezidentin qeyd etdiyi bu məqam faktiki olaraq, “Azərbaycan Rusiyanın razılığı ilə Ermənistana müharibə açıb” arqumentini heçə endirir. Peyk görüntülərindən də məlumdur ki, Rusiyadan Ermənistana hava yolu ilə 500 tona yaxın silah yardımı edilib. Bu reallıqlar altında hansısa danışılmış müharibədən söhbət belə gedə bilməz. 
 
Prezident çıxışında onu da qeyd etdi ki, “Qazaxıstan, Türkmənistan və İrana müraciət yollamışdıq. Lakin təəssüflər olsun ki, həmin ərazilərdən silah daşınması üçün istifadə edildi və o silahlar Ermənistana daxil oldu”.
 
Prezident bununla 44 günlük müharibə zamanı baş verən bütün hadisələrdən xəbərdar olduğu mesajını verdi. Əslində burada onun vermək istədiyi mesaj heç də Qazaxıstan və Türkmənistana deyildi. Aydın məsələdir ki, bu ölkələr Kremlin sözündən kənara çıxa bilməzdilər, lakin İran bu məsələdə Rusiya ilə canla-başla əməkdaşlıq edib. Əgər Qazaxıstan və Türkmənistanın seçim haqqı yox idisə, İranın var idi. Rəsmi Tehran isə ənənəvi siyasətindən əl çəkmədi. 

Turan Rzayev, 
siyasi şərhçi





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.