Azərbaycanda yağ qıtlığı yarana və qiymətlər qalxa bilər - “AZƏRSUN SƏNAYE PARKI”NDAKI YANĞINDAN SONRA
ŞƏRH-PROQNOZ

Kütləvi informasiya vasitələrində “Azərsun Sənaye Parkı”nda baş vermiş və ümumilikdə 5 000 kvadratmetr sahəni əhatə edən yanğın nəticəsində “Sun Food” MMC-yə məxsus anbarlara ciddi maddi ziyan dəydiyi bildirilir. Həmçinin mətbuatda o da qeyd edilir ki, anbarlarda satışa çıxarılmaq üçün nəzərdə tutulan 5-6 aylıq kərə yağı ehtiyatı olub.

“Azərsun Holdinq" də rəsmi "Facebook" səhifəsində yerləşdirdiyi paylaşımda “Azərsun Sənaye Parkı”nda baş vermiş yanğın hadisəsi nəticəsində “Sun Food” MMC-yə məxsus anbarlara ciddi maddi ziyan dəydiyini bildirir. Həmçinin həmin postda o da qeyd edilir ki, istehsal müəssisələri yanğın baş verən ərazidən aralıda yerləşdikləri üçün onlara hər hansı ziyan dəyməyib, həmişəki gücü ilə çalışırlar. “Azərsun Holdinq" sosial şəbəkə vasitəsi ilə yaydığı məlumatda yanğın nəticəsində konkret olaraq nə qədər mal, məhsul itkisinə məruz qaldıqları haqqında məlumat açıqlamasa da "“Sun Food” MMC şirkətinin Xırdalan və digər ərazilərdə yerləşən anbarlarında kifayət qədər ehtiyatları olduğunu, ölkədə yağ və digər qida məhsullarının təminatı ilə bağlı hər hansı çətinlik yaranmayacağını qeyd edib.

“Azərsun Sənaye Parkı“ın fəaliyyəti, istehsal, ixrac və idxal göstəriciləri ilə bağlı  məlumat əldə etməyə çalışdıq.  12 iyul 2016-ci il tarixdə Holdinqin Facebok səhifəsində yayılan məlumatla bildirilir ki, “Azərsun Holdinq”in nəzdində fəaliyyət göstərən Bakı və Sumqayıt yağ fabrikləri böyük istehsal potensialına malik olan müəssisələrdir. Daha sonra  qeyd edilir ki, müəssisə 1997-ci ildə açılıb və 2014-cü ildə Sumqayıt sənaye zonasına köçürülüb, yeni avadanlılqlarla təchiz edilib, istehsal həcmi çoxaldılıb. Müasir deodorizə və ventirizə sistemləri ilə təchiz olunmuş fabriklər ətraf mühitə tam zərərsiz şəkildə çalışaraq, “əl dəyməyən” texnologiya ilə fəaliyyət göstərir.

Müəssisələrdə yüksək keyfiyyətli duru günəbaxan və qarğıdalı yağları, paketləşdirilmiş bitki yağı, əridilmiş kərə və GHEE yağları, mayonez, eyni zamanda qənnadı, şirniyyat fabrikləri üçün sənaye yağları istehsal olunur. İllik istehsal gücü 270 000 ton olan müəssisə Azərbaycanın tam tələbatını qarşılayır və böyük ixrac imkanına malikdir[1]. Fabrikdə yerli və xarici bazarlar üçün müxtəlif kateqoriyalarda 40-dan artıq brend adı ilə məhsullar istehsal olunur. Əsas brendlərdən aşağıdakıları göstərmək olar: “Final”, “Möcüzə”, "Gülüm", “Super Sun”, “Zeytun bağları”, “Wellington”, “Bizim Süfrə” və b[2]. Birincisi, həmin müəsisənin illik istehsal gücü 270 000 ton olsa da, ümumi olaraq Azərbaycanda heç zaman bir o qədər yağ istehsal edilməyib. Azərbaycanın ən yüksək yağ istehsalı göstəricisi 2014-cü ildə 159,6 min ton təşkil edib ki, bu da müəssisənin istehsal gücündən (270 min ton) 110,4 min ton azdır. DSK-nın təqdim etdiyi məlumatlara əsasən apardığımız hesablamalar göstərir ki, “Azərsun Sənaye Parkı“ 2014-cü ildə “yeni avadanlılqlarla təchiz edildikdən və istehsal həcmi çoxaldıqdan” sonra Azərbaycanda bitki yağı və ümumi yağ istehsalı azalmağa başlayıb (Cədvəl1).

 

Cədvəl 1. Yağların istehsalı, ton. Mənbə DSK

 

2013

2014

2015

2016

2017

2020

Bitki yağı

100 159

106874

106645

82 250

80 439

75 088

Marqarin

24 505

29 284

24 925

47 594

51 705

49 894

Kərə yağı

21 877

23 445

23 935

25 604

25 295

24 622

Cəmi yağ istehsalı

146541

159603

155505

155448

157439

149604

İkincisi, müəssisənin  Azərbaycanın tam tələbatını qarşılaması ilə bağlı deyilənlər də doğru deyil. Belə ki, DSK-nın təqdim etdiyi məlumata əsasən apardığımız hesablamalar göstərdi ki, indiyədək Azərbaycan heç zaman özünü təmin edə biləcək həcmdə yağ istehsal edə bilməyib. 2020-ci ildə 300,7 min ton yağdan (bitki, kərə yağları və marqarin) ərzaq kimi istifadə və emal edilib (Cədvəl 2). Həmin il istifadə edilən 300,7 min ton yağın yarıdan çoxu - 180,8 min tonu idxal edilib ( Cədvəl 3 əlavədə).

Cədvəl 2. Yağlardan ərzaq kimi istifadə olunub və emal edilib, ton. Mənbə DSK

 

2013

2014

2015

2016

2017

2020

Bitki yağının ərzaq kimi istifadəsi

81 403

101 814

119 672

153 100

155 622

152 888

Bitki yağı emal edilib

52 971

55 554

55 653

58 644

59 620

61 293

Marqarinin ərzaq kimi istifadəsi

24 119

28 432

13 018

27 720

30 125

42 184

Marqarin emal edilib

-

-

-

3 772

4 502

6 303

Kərə yağı- ərzaq kimi istifadəsi

43 354

44 472

41 454

32 532

33 394

36 369

Kərə yağı -emal edilib

-

-

-

1 511

1 610

1 745

Cəmi

201847

230272

229797

277279

284873

300782

Rəqəmlərdən göründüyü kimi, Azərbaycan istehlak etdiyi yağın yalnız 49,7 faizini daxili istehsal hesabına qarşılaya bilir. “Azərsun Sənaye Parkı”nın istehsal göstəricilərini əldə etmək mümkün olmadığı üçün müəssisənin ümumi istehlakdakı payını da müəyyən etmək qeyri-mümkqndür. Nəzərə alsaq ki. Azərbaycan 2020-ci ildə cəmi 25 min ton (kərə yağı-388 ton, bitki yağı-21 880 ton, marqarin-2 737 ton) yağ ixrac edib, ehtimal etmək olar ki, bu qədər yağın ixracı ilə əsasən “Azərsun Holdinq” məşğul olub. Ancaq 2013-cü ildə, müəssisə yeni avadanlılqlarla təchiz edilməzdən əvvəl Azərbaycan indikindən 3,2 dəfə çox (kərə yağı-158 ton, bitki yağı-81 615 ton) yağ ixrac edib.

Azərbaycanda əsas yağ istehsalçısı olan “Azərsun Sənaye Parkı“ında nə qədər yağ istehsal edildiyi bəlli olmasa da, ölkədə bitki yağı istehsalının 2014-cü ildə 106,8 min tondan 2020-ci ildə 75 min tona, kərə yağı istehsalının 2016-cı ildə 25,6 min tondan 2020-ci ildə 24,6 min tona və ümumi ölkə üzrə yağların istesalının 2014-cü ildə 159,9 min tondan 2020-ci ildə 149,6 min tona düşməsi və yağ ixracının 3,2 dəfə azalması həmin müəssisədə də yağ istehsalında azalmaların olduğunu düşünməyə əsas verir.

Kütləvi informasiya vasitələrində “Azərsun Sənaye Parkı“ kompleksinin anbarlarında baş verən yanğın nəticəsində təkcə məhsula dəyən ziyanın 20-30 milyon manat həcmində ola biləcəyi qeyd edilir. KIV-lərin “Azərsun Sənaye Parkı”ndakı mənbədən əldə etdiyi məlumatlarda bildirir ki, yanğın əvvəlcə plastik qablar fabrikindən başlayıb, daha sonra kərə yağlarının yığıldığı soyuducu anbara keçib. Məlumatlarda o da qeyd edilir ki, orada, yəni həmin soyuducu anbarda satışa çıxarılmaq üçün nəzərdə tutulan 5-6 aylıq yağ ehtiyatı olub. Həmçinin o da bildirilir ki, anbardakı yağ məhsulları təkcə yerli bazar üçün deyil, həm də xaricə ixrac üçün nəzərdə tutulmuşdu. “Azərsun Sənaye Parkı“nın rəhbərliyində anbarlarda nə qədər yağ saxlanıldığını dəqiqliyi ilə bilirlər. İstehsal müəssisəsindən anbarlara təhvil verilən və anbarlardan çıxarılan məhsulların dəqiq uçotu getməli olduğu halda nə qədər məhsulun anbarlarda yandığını hesablamaq cəmi bir saat vaxt aparar. Hesab edirəm ki, “Azərsun Sənaye Parkı“ rəhbərliyi yanğın nəticəsində itirilmiş məhsulun həcmini qısa bir müddətdə dəqiqləşdirə bilər. 

Qeyd edim ki, “Azərsun Sənaye Parkı“nın xammal bazası əsasən xarici ölkələr hesabına formalaşır. Hələ 2017–ci ildə kərə və spred yağlarının istehsalı ilə bağlı jurnalistlərin suallarını cavablandıran şirkət rəsmiləri bildiriblər ki, kərə yağı məhsulu Yeni Zelandiyadan idxal edilir və “Azərsun Holdinq”in kərə yağı bazarında payının cəmi 5-7 faizini təşkil edir. Sumqayıtda böyük həcmdə idxal edilən kərə yağının çəkilərə görə daha kiçik həcmlərdə qablaşdırılaraq satışa çıxarıldığı qeyd edilib. Həmçinin müəssisənin xammal bazası əsasən İspaniya, Portuqaliya, Ukrayna, Argentina və Braziliyadan idxal olunan xam bitki yağları hesabına formalaşır.

“Azərsun Sənaye Parkı“nın “Sun Food” MMC-yə məxsus anbarlarda baş verən yanğın nəticəsində məhsula dəyən ziyanın ümumilikdə 20-30 milyon manat təşkil etməsi və o cümlədən satışa çıxarılmaq üçün nəzərdə tutulan kərə yağlarının 5-6 aylıq ehtiyatının yanması doğrudursa, deməli, daxili yağ bazarında təkliflə bağlı müəyyən problemlər yarana bilər. Belə ki, yanğının törətdiyi mal itkilərini qısa bir müddətdə daxili istehsal hesabına kompensasiya etmək mümkün olmayacaq.  Azərbaycan istehlak etdiyi kərə yağının 40 faizdən çoxunu idxal edir. Onu da nəzərə almaq lazımdır ki, bu ilin birinci rübündə ölkəyə idxal edilən kərə yağı 34% bahalaşıb. Və keçən ilin eyni dövrünə nisbətən idxal edilən kərə yağının həcmi 19,4% artıb. 

Digər tərəfdən, yanğın nəticəsində müəssisənin soyuducu anbarlarının yararsız hala düşməsi, on milyonlarla manat dövriyyə vəsaitlərinin itirilməsi də müəssisədə yağ istehsalının azalmasına səbəb ola bilər. Yanğının Rusiya-Ukrayna  münaqişəsi nəticəsində dünyada yağ təhcizatında problemlərin yarandığı bir vaxta təsadüf etməsi də Azərbaycan üçün müəyyən çətinliklər yaradacaq.

Beləliklə, ölkədə əsas yağ istehsalçısı olan “Azərsun Sənaye Parkı”nda baş verən yanğın nəticəsində ölkədə yağ qıtlığı yarana və yağların qiymətləri qalxa bilər.

Əlavə

Cədvəl 3. Yağlar idxal edilib

 

 

2013

2014

2015

2016

2017

2020

Bitki yağı

115 185

129 571

129 126

153 577

149 623

162 334

Marqarin

123

202

205

405

1 872

3 420

Kərə yağı

21 644

21 776

10 906

8 357

10 785

15 039

Cəmi yağ idxalı

136952

151549

140237

162339

162280

180793

                                            Vahid Məhərrəmov, iqtisadçı-ekspert (astna.biz)

   ==========================================================

[1] https://www.facebook.com/AzersunHR/photos/a.157723390910286/1349474798401800/?type=3

 

[2] https://www.facebook.com/AzersunHR/photos/a.157723390910286/1349474798401800/?type=3


 

 

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.