
Qarabağdakı Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə "müəyyən müzakirələr hələ davam edir".
Bunu BBC-yə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O, Qarabağda Rusiya sülhməramlılarının fəaliyyəti və əməliyyatlarının Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları 10 noyabr tarixli Üçtərəfli bəyanatına əsasən həyata keçirildiyini qeyd edib.
H.Hacıyevin sözlərinə görə, 10 noyabr Üçtərəfli razılaşması sülhməramlı qüvvələr üçün "siyasi və müəyyən dərəcədə hüquqi çərçivəni" müəyyən edib.
"Əlavə razılaşmalara və sülhməramlıların mandatı barədə əlavə hüquqi mexanizmlər məsələsinə gəldikdə, tərəflər arasında bu barədə ilkin kontaktlar olub və müəyyən müzakirələr hələ davam edir", - H. Hacıyev bildirib.
"Bütün Qarabağ Azərbaycanın suveren ərazisidir, beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və 10 noyabr bəyanatına uyğun olaraq sülhməramlı qüvvələr Azərbaycanın Qarabağ bölgəsinin müəyyən bir hissəsində müvəqqəti olaraq yerləşdiriliblər", - Prezidentin köməkçisi qeyd edib.
Onun sözlərinə görə, hazırda işğaldan azad olunmuş bütün ərazilərdə yeni rekonstruksiya işləri başlayır.
"İndi qarşımızda duran əsas məsələ həmin ərazilərdə quruculuq, rekonstruksiya işlərini həyata keçirməkdir. Son 30-40 ildə dünya miqyasında dövlətlərin bu qəbildən və bu miqyasda üzləşdikləri rekonstruksiya layihələri olmayıb", - H.Hacıyev vurğulayıb.