Rusiya Prezidenti Vladimir Putin İsrailin Baş naziri Naftali Bennetlə telefon danışığı zamanı xarici işlər naziri Sergey Lavrovun yəhudilər və antisemitizmlə bağlı sözlərinə görə üzr istəyib. Senzor.az bildirir ki, bu barədə İsrail Baş nazirinin ofisindən məlumat verilib.
“Onlar (Putin və Bennet) Rusiyanın xarici işlər naziri Lavrovun mayın 1-də İtaliyanın "Rete-4" telekanalının efirində dediyi sözləri müzakirə ediblər. Baş nazir Lavrovun sözlərinə görə Prezident Putinin üzrxahlığını qəbul edib və ona yəhudi xalqına və Holokost xatirəsinə münasibətinə aydınlıq gətirdiyinə görə təşəkkür edib", - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, bir müddət əvvəl Kremlin mətbuat xidməti də Rusiya Federasiyasının Prezidenti ilə İsrailin Baş naziri arasında telefon danışığı barədə məlumat yayıb, lakin orada Putinin üzr istəməsi barədə xəbər verilməyib.
Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov həmin çıxışında Ukrayna Prezidenti Volodimir Zelenskini Adolf Hitlerlə müqayisə etmişdi. O, xüsusən də Zelenskinin yəhudi mənşəli olmasını vurğulayaraq demişdi: “Hitlerin də yəhudi qanı olub”.
S.Lavrovun bu sözləri böyük qalmaqala səbəb olmuşdu. Məsələn, İsrailin xarici işlər naziri Yair Lapid rusiyalı həmkarının dediklərini “bağışlanmayan və qalmaqallı bəyanat” adlandırmış və Rusiya hakimiyyətindən üzr istəməsini tələb etmişdi: “Hitlerin yəhudi olduğunu söyləmək, yəhudilərin özlərinin özlərini öldürdüyünü söyləmək kimi bir şeydir. Bu bağışlanmaz, hiddət doğuran və qalmaqallı bəyanatdır, dəhşətli tarixi səhvdir və üzrxahlıq gözləyirik. Biz Rusiya ilə yaxşı münasibətlər saxlamaq üçün çox çalışırıq, amma bir xətt var və bu dəfə də sərhədi keçiblər. Rusiya hökuməti bizdən və yəhudi xalqından üzr istəməlidir”.
Senzor.az