ABŞ rəhbərliyi İsveç və Finlandiyanın NATO-ya mümkün üzvlüyünə müsbət yanaşmayan Türkiyənin mövqeyini aydınlaşdırmağa çalışır.Bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Dövlət Departamentinin rəhbəri Entoni Blinkenin Almaniya və Fransaya gözlənilən səfərinə həsr olunmuş xüsusi brifinqdə deyib.
O, bu həftə sonu Almaniyanın paytaxtı Berlində NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısının keçiriləcəyini, Finlandiya və İsveçin xarici işlər nazirlərinin də dəvət olunduğunu xatırladaraq Türkiyənin mövqeyini aydınlaşdırmaq üçün çalışdıqlarını vurğulayıb.
Eyni zamanda K.Donfrid Türkiyənin mövqeyini şərh edərkən rəsmi Vaşinqtonun NATO-nun “açıq qapı” siyasətini, həmçinin Finlandiya və İsveçin Alyansa qoşulmaq niyyətini dəstəklədiyini bildirib.
Bu arada Türkiyənin xarici işləri naziri Mövlud Çavuşoğlu ilə NATO-nun Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.
Nazirlikdən verilən açıqlamada danışıqların məzmunu ilə bağlı məlumat verilməyib. Ehtimala görə, NATO rəhbəri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsveç və Finlandiyanın Alyansa üzvlük məsələsinə müsbət baxmadıqları barədə bəyanatından sonra müttəfiq ölkənin mövqeyini dəqiqləşdirmək üçün zəng edib.
Xatırladaq ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən ölkəsinin Finlandiya və İsveçin NATO-ya mümkün üzvlüyünə müsbət yanaşmadığını bəyan edib.
R.T.Ərdoğan qeyd edib ki, Skandinaviya ölkələri terror təşkilatlarının yuvasına çevrilib: “PKK-sı, DHKP-C-si İsveçdə, Niderlandda da yuva salıb. Hətta oraların parlamentlərində də təmsil olunurlar. Bu baxımdan onların Alyansa qoşulmasına müsbət yanaşmağımız mümkün deyil”.