Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rize-Artvin hava limanının açılış mərasimində iştirak etmək üçün Türkiyəyə rəsmi səfər etdi. Hava limanına ilk olaraq İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın təyyarələri endilər. Açılış sonrası isə iki ölkə başçısı arasında görüş oldu.Öncə onu qeyd edim ki, 2017-ci il aprelin 3-də əsası qoyulan Rize-Artvin Hava Limanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti dövründə ərsəyə gələn ən önəmli layihələrdəndir. Dənizin üzərində inşa edilən hava limanının illik sərnişin tutumu 3 milyon olacaq.
Bundan başqa hava limanı ən yeni mühəndislik texnologiyaları ilə ərsəyə gəlib. 47 min kvadratmetr ümumi sahəyə malik olan hava limanı Türkiyənin Şərqi Qara dəniz bölgəsi başda olmaqla, digər regionların turizm, ticarət və istehsalının artmasına mühüm töhfələr verəcək.
Hava limanı açılışı ilə Ankara və Bakının verdikləri mesaj Rize-Artvin Hava Limanının iki qardaş ölkə rəhbəri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin iştirakı ilə açılması Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu və ardıcıl inkişaf etdiyini nümayiş etdirir. Bundan başqa, bu açılış həm də rəsmi Bakı və Ankaranın bütün sahələrdə olduğu kimi beynəlxalq daşıma və logistika sahəsində də əməkdaşlıq güclərini birləşdirdiyini göstərir.
Ümumiyyətlə, dəyişən və qloballaşan dünyamızda hava limanlarının əhəmiyyəti hər gün biraz daha artır. Bir ölkənin güclü hava limanı şəbəkəsinə sahib olması o ölkənin həm turizm, həm sənaye, həm də daşıma sahəsində inkişafını sürətləndirir. Bundan başqa, hava limanlarının çox olması ölkənin fərqli regionlarının bərabər səviyyədə inkişaf etməsinə də səbəb olur.
Son illərdə Azərbaycan və Türkiyə bu sahədə ortaq strateji xətt izləyirlər.
Misal üçün, artıq qeyd etdiyim kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Rize-Artvin hava limanının açılış mərasimində iştirak etmək üçün Türkiyəyə rəsmi səfər edib. Bundan əvvəl isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan işğaldan azad edilən Azərbaycan ərazilərinə səfər etmiş, Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak etmişdi. Hesab edirəm hər iki hadisə tarixidir və eyni mahiyyəti kəsb edir. Hər iki ölkə başçısı hava limanı açılışında iştirak edərək dünyaya Ankara və Bakının əməkdaşlığının təkcə hərbi sahədə deyil, həm də iqtisadi sahədə inkişaf etdiyi mesajını verir.
Əliyev və Ərdoğan bütün maneələrə baxmayaraq hədəflərinə doğru inamla addımlayırlar.
İstər Azərbaycanın, istərsə də Türkiyənin son illərdə ərsəyə gətirdiyi beynəlxalq layihələr, görünür, bəzi gücləri narahat edir. Məsələn, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan qarşısında duran çox mürəkkəb və taleyüklü məsələlərin həllinə nail oldu. 44 günlük müharibə ilə Ermənistan işğalında olan Qarabağ azad edildi. Bənzər şəkildə Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi dövründə Türkiyə dünyanın aparıcı ölkələrindən birinə çevrildi və hazırda bütün sahələrdə yüksək tərəqqi nümayiş etdirir.
İki ölkənin bütün sahələrdə strateji hədəflərinə nail olduğunu görən xarici güclər məqsədyönlü şəkildə süni maneələr yaratmağa çalışırlar. Bu gün Türkiyəyə iqtisadi sahədə edilən təzyiqlər və ya türk lirəsinin süni şəkildə dəyərdən salınması istiqamətində xaricdən edilən təzyiqlər buna misal ola bilər. Azərbaycan da 44 günlük müharibə dövründə həmin güclərin təzyiqinə məruz qalmışdı. Lakin atılan bütün addımlara baxmayaraq nə Türkiyə, nə də Azərbaycan geri çəkilmir. Hər iki ölkə inkişaf yolunda əmin addımlarla irəliləyir. Son illərdə imzalanan Müttəfiqlik haqqında Şuşa bəyannaməsi, Qars müqaviləsi, Dostluq və Əməkdaşlıq haqqında, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqavilələr bunu bir daha isbat edir.
Turan Rzayev,
siyasi şərhçi