“Türkiyə təhlükəsizliyi ilə bağlı məsələlərdə NATO-dan anlayış gözləyir”.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Atdığımız hər addım kimi, xaricdəki bütün siyasətimizi bu anlayışla tətbiq edirik. Balkanlardan Afrikaya qədər, Suriyada, İraqda, Liviyada, Şərqi Aralıq dənizində, Qarabağda, Ukraynada baş verən böhranlarda da bu yanaşma ilə hərəkət etdik və edirik”, - o bildirib.
Onun sözlərinə görə, PKK və YPG terror təşkilatlarına dəstək vermək, daha sonra isə NATO-ya üzvlük üçün Türkiyədən dəstək istəmək məntiqsizlikdir: “30 terrorçunu istədik, bizə təhvil vermədilər. Eyni zamanda Ukrayna böhranının ardından atılan addımları təbəssümlə izləyirik. Çünki biz illərlə NATO müttəfiqi olaraq belə mənzərə ilə qarşılaşmadıq. İllərdir NATO-dan tək istəyimiz Türkiyənin də öz sərhədlərini müdafiə etməsinə eyni münasibət göstərməsi idi. Biz sərhədlərimizi terrorçulardan qorumaq istəyirik. Amma, demək olar, bu məsələyə heç bir müttəfiqimiz istədiyimiz münasibəti göstərmədi”.