
Ermənistanın “Müqavimət” müxalifət hərəkatının üzvləri İrəvana səfər edən Litva prezidenti Gitanas Nausedanın bu gün Prezident iqamətgahına daxil olan kortejini “Nikol satqındır!”, “Türksüz Ermənistan!”, “ Nikolsuz Ermənistan”, "Ayıb olsun!" şüarları altında qarşılayıblar.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Litva nümayəndə heyətini və Nausedanı iqamətgah binasına daxil olmazdan əvvəl Ermənistan prezidenti Vaaqn Xaçaturyan qarşılayıb.
Polis “Müqavimət” hərəkatının tərəfdarlarına iqamətgahın darvazalarına yaxınlaşmağa imkan verməyib. Hazırda prezidentlərin görüşü keçirilir. Etirazçılar iqamətgahın qarşısında etirazlara davam edirlər.
Qeyd edək ki, etirazçılar dünən Ermənistana rəsmi səfərə gəlmiş Litva Prezidenti Gitanas Nausedanın İrəvanda qaldığı "Aleksandr" otelini axşam saatlarında qısa müddətə mühasirəyə almışdılar.
Aksiyaların koordinatoru İşxan Saqatelyan orada tərəfdarları qarşısında çıxış edərək demişdi: "Litva Prezidenti bu oteldə qalır. Dünən biz məktub dərc etmişdik ki, Nikol Paşinyan erməni xalqının iradəsini təmsil etmir və onun beynəlxalq tərəfdaşlarla danışıqlar aparmaq mandatı yoxdur”.
Saqatelyanın onu da əlavə etmişdi ki, onlar Litva Prezidentinə danışıq apardığı şəxsin qeyri-legitim olduğunu deməyin bir yolunu tapacaqlar.
Xatırladaq ki, G. Nauseda Ermənistandan əvvəl Azərbaycanda rəsmi səfərdə olub.
Senzor.az