Unudulmaz müəllim, etibarlı dost - PROFESSOR NƏSİR ƏHMƏDLİNİN 80 İLLİYİNƏ
NURƏDDİN ƏDİLOĞLUNUN YAZISI

 

Əsl müəllim orta və ya ali məktəblərdə təkcə bilik vermir, o həm də,  müdrik şəxsiyyətlərin dediyi kimi, cəmiyyətin ruhunu tərbiyə edir.   Bu nöqteyi-nəzərdən düşünürəm ki, biz   jurnalistlərin müəllimi, professor Nəsir Əhmədli  sözün həqiqi mənasında  öz peşəsini   sevən, sevdirən və  yaşadığımız zamanın  ruhunu cilalayan ustaddır.  


Nəsir müəllimin adı gələndə vaxtilə onun tələbəsi olmuş həmkarlarımın  çoxunun  üz - gözündə xoş  ifadələr yaranır. Hər biri  “Nəsir müəllim həm də mənim dostumdur”  deyib haqqında  bir-birindən maraqlı  xatirələr danışır. Nəsir müəllim halal adamdır. Məhz belə müəllimlərin sayəsində yarandığı dövrdən bu günə kimi universitetin  jurnalistika fakültəsi  halallıq məktəbi kimi tanınır. Etiraf edim ki, bizim çoxumuz jurnalistika  fakültəsində təhsil alarkən mətbuat səhifələrində  imzalarına tez-tez rast gəldiyimiz,  publisistik və bədii kitabları nəşr olunan  müəllimlərimizə, onların tanınmış yetirmələrinə bənzəmək istəyirdik.

 

Aradan 40-45  il vaxt ötüb. Bu, insan ömründə az zaman deyil,  ancaq biz  hələ də   Qulu Xəlilovun ciddi baxışlarını,   Şirməmməd Hüseynovun Azərbaycan jurnalistikası tarixininə dair maraqlı mühazirələrini, Famil Mehdinin şairanə görkəmini, Tofiq Rüstəmovun təmkinli danışıq tərzini,  Nurəddin Babayevin  kübarlığını, Seyfulla Əliyevin səliqə ilə arxaya daranmış ağ saçlarını,  Nəsir İmanquliyevin  həssaslığını, Əliş Nəbilinin xəfif təbəssümünü unuda bilmirik. Allah  onların hamısına rəhmət eləsin. Minlərlə jurnalist kadrı hazırlayan ustad müəllimlərimiz professor Cahangir Məmmədli və  Nəsir Əhmədliyə  isə Allahdan cansağlığı arzulayrıam.  Mən ali məktəbdə qiyabi yolla təhsil alsam da adlarını fəxrlə çəkdiyim müəllimlərlə tələbələr arasında  səmimi dostluq münasibətlərinin  məhz  bizim jurnalistika fakültəsində şahidi olmuşam.

 

Professor Nəsir Əhmədli ilə bağlı mənim də çoxlu xatirələrim var. 20 il əvvəl mən rayonda yaşayırdım. Yay vaxtıydı. Həsir müəllim cox yaxın dostu və tələbəsi  Akif  Səmədlə Masallıya gəlmişdi. Akif jurnalistika fakültəsini  məndən iki il əvvəl  bitirmişdi. Bir-birimizi yaxşı tanıyırdıq.  “Bircə qarış yol varıymış, Adəmdən Akif Səmədə” deyən istedadlı  qələm dostumuzu Nəsir müəllimlə Masallının  axarlı-baxarlı təbiət  guşələrinə apardıq. Düzü, mən tələbə olanda jurnalistika fakültəsində bizə nitq mədəniyyətindən mühazirə oxuyan Nəsir müəllimin şeir yazdığını  bilmirdim.  Müəllimimizin   poeziya dünyası ilə ilk dəfə məhz   onda-təbiətin qoynunda tanış oldum.

 

İxtisasca   rus dili  və ədəbiyyatı müəllimi Aqil Əliyev (Nəsir müəllimin bacanağı), vaxtilə “Viləş” futbol komandasının tanınmış hücumçularından olan Seyran Əliyev (fizika  müəllimi),   N.B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktyoru Tale Mikayılov, Masallı Şahmat Məktəbinin məşqçisi  Məzahim Ağayev və mən  günlərin bir günü qərara gəldik ki, qonaqlarla  dənizə gedək. Nəsir müəllim Aqilgildə qaldı.  Amma Akifi bizə tapşırdı, özü də dönə-dönə: “Şairdən muğayat olun!..” 

20-25 dəqiqədən sonra  dənizin sahilinə  çatanda Akif məndən soruşdu: “Ayə, Masallıda da dəniz varmış?” Dedim, yox Akif,  bura Lənkərandır. Akif dənizə baş vurmadı. Ayaqları çox şişmişdi. Ağlımıza gəlməzdi ki, bu bizm onunla son görüşümüz olacaq... Şeirlərində həmişə ölümdən  bəhs edən, “Nə qədər dostlarım qabağa düşdü,  gecikir ölümüm, yaman gecikir” deyə  ölümü çağıran və  45   yaşını tamamlamağa 16 gün qalmış   dünyasını dəyişən Akif Səmədin   vaxtsız ölümünə ən çox yanan  dostlarından biri də bizim Nəsir müəllim idi.

 

Deyirlər, kədərlə sevinc qardaşdır. Bu məqamda oxuculara Akif Səməd və  Nəsir müəllimlə bağlı  eşitdiyim bir gülməcəni nəql etmək istəyirəm.  Günlərin bir günü Nəsir müəllim Akiflə ikisi birlikdə restorana gedirlər.   Xidmət xoşlarına gəlmir. Nəsir müəllim restoranın  müdirini çağırtdırıb deyir:

 

- Cavan oğlan, sən bilirsən, kimlər oturub burada. Zəmanəmizin Füzulisi...

 

Akif  görür ki, müdir karıxıb qalıb. Tez dillənir:

- Düzdü, özüm Füzuli döyləm, ancax arvadım Füzulidəndi.

 

...Nəsir müəllimlə  bir neçə dəfə eyni vaxtda “Bilgəh” kardioloji sanatoriyasında  olmuşuq.  Mən orada   Nəsir müəlimim təbiətə, milli  dəyərlərimizə, saza, sözə bağlılığının bir daha şahidi oldum.   Bir dəfə axşamüstü sanatoriyanın həyətində gəzirdik. Birdən  əsas korpusun geniş eyvanından  saz sədası gəldi.  Kimsə   şövqlə  sazda “Ruhani” havası çalırdı.  Nəsir müəllim dedi:  “Gəl gedək yaxından qulaq asaq,  saz çalan qazaxlı İsmayıl müəlimdir...”.  İsmayıl müəllim bizi görcək sazının “köynəyini” geydirib aşağı endi. Gəzə-gəzə xeyli söhbət etdik. Həsir müəllim tələbə yoldaşlarımızdan ən çox yadında qalanları xatırlayıb bir-bir adlarını çəkdi:  Əli Nəcəfxanlı,  Həzi Həsənli, Səadət Qarabağlı, Mais Səfərli (Allah rəhmət eləsin), Rusvat Bayramov,   Qənbər Yusifli,  Rasim Qaraca, Bəhlul Eminli, Sərraf Talıb,  Aydın Şirinov, Elşən Məmmədov, Elşən Əliyev, İdris Şükürlü...

 

2018-ci İldə   Yazıçılar Birliyinin Natəvan klubunda   Nəsir müəllim professor  Qulu Məhərrəmli ilə birgə mənim 60 illiyim münasibəti ilə keçirilən tədbirdə iştirak elədi.  Ürək sözlərini həm tədbir iştirakçılarına, həm də AzTV-nin Mədəniyyət kanalının hazırladığı   “Qobustan”   verilişində söylədi.

 

Nəsir müəllim Azərbaycan dilinin təmizliyinin qorunması, ana dilimizin qaydalarına ciddi əməl edilməsi istiqamətində fədakarcasına  mübarizə aparan alimlərimizdən biridir. Bu mövzuda söhbət edəndə  deyir ki, dilin varlığı millətin varlığıdır... Bir dəfə dövlət başçısının jurnalistlərə hədiyyə verdiyi mənzillərin ədalətsiz bölgüsündən söhbət düşdü.  Nəsir müəllim zarafatla dedi ki, mən elə bilirdim ölkədə 10-15 jurnalistdən biriyəm, sən demə, heç 411 jurnalistin arasında da adım yox imiş... Bu sözləri mənzilə ehtiyacı olan alim və qocaman jurnalist deyirdi. Böyük jurnalist ordusu jetişdirən müəllimlərimizi Vüqar Səfərli, Əli Həsənov kimi məmurlar mənzil bölgüsündə nəzərə almayanda biz nə edə bilərdik? 2013 və 2017-ci ildə  mənə jurnalistlər binasından mənzil veriləcəyini düşünürdüm. Fəqət...  Nəsir müəllimin təbirincə desəm:

 

“Başdan-başa” müəmmadır bu dünya,

Gizlisi nə, agahı nə, bilinmir...

 

Söz yox ki, professor Nəsir Əhmədli  kimi ustad müəllimin ən böyük mükakafatı və hədiyyəsi tələbələrinin, işlədiyi kollektivin, dostlarının ona  tükənməz sevgisidir. Nəsir müəllim belə mükafatları  və hədiyyələri ömrü boyu qazanıb... Nəsir müəllimi uzaqdan-yaxından   tanıyanlar, “Facebook” səhifəsində dostluğunda olanlar belə onun necə vətənpərvər ziyalı və dostcanlı  İNSAN olduğunu yaxşı bilirlər. 2020 -ci ilin oktyabrın ortalarında  Nəsir müəllim qələbəmizə böyük inam hissi ilə rəhmətlik dostu və tələbəsi Akif Səmədə xitabən  belə şeir paylaşmışdı:

 

“Akif Səməd, gözün aydın,

Şuşaya doğru gedirik...”

 

Əgər dostluğun yüz şərti varsa, bizim  Nəsir müəllim   onun bütün şərtlərinə əməl edən ən yaxşı DOSTDUR.  Sevimli tələbələri ilə sidq-ürəklə dostluq edən Nəsir müəllimin şəxsiyyətinə böyük  hörmət və ehtiramla 

                               Nurəddin ƏDİLOĞLU, yazıçı-jurnalist






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.