
Ermənistan baş naziri Nikol Paşinyan qonşularla normal münasibətlər qurmaq niyyətində olduğunu bəyan edib.
Zenzor.az-ın yerli KİV-ə istinadən məlumatına görə, o, hökumətin iclasında çıxışı zamanı bildirib ki, Ermənistan hansısa ərazilər uğrunda döyüşmək və ya başqa təcavüzkar hərəkətlər etmək niyyətində deyil.
Baş nazir xüsusi olaraq vurğulayıb ki, bölgədə düşmənçilik və qarşıdurmanın daha da dərinləşməsi qəbuledilməzdir. Bu təkcə regional deyil, həm də beynəlxalq təhlükəsizliyə təhdiddir: "Bu düşmənçiliyin hansı təzahürlərə səbəb ola biləcəyini Bakıda açılan "Hərbi Qənimətlər Parkı"nın timsalında gördük. Düşmənçiliyə qalib gəlmək Ermənistanın regional xarici siyasətinin ən vacib elementlərindən birinə çevrilməlidir. Ermənistan hesab edir ki, qonşularla normal münasibətlərin qurulması uzunmüddətli sülh, təhlükəsizlik, sabitlik və inkişaf üçün əsas rol oynayır.
Qonşu ölkələrlə münasibətlərin tənzimlənməsi və ya inkişafı hökumətin xarici siyasətinin vacib istiqaməti olacaq. Bəzi qüvvələr qonşulara qarşı təcavüzkar hərəkətlər üçün orduda islahatlara ehtiyac olduğunu söyləyir. Bununla da onlar Ermənistanın niyyətini yanlış təqdim etməyə çalışırlar. Ermənistan hər bir "sülhsevər" ölkə kimi, Silahlı Qüvvələrini təcavüz üçün deyil, ondan müdafiə üçün inkişaf etdirir. Bizim əraziləri fəth etmək niyyətimiz yoxdur. Niyyətimiz suverenliyimizi və ərazi bütövlüyümüzü qorumaqdır", - deyə Paşinyan vurğulayıb.