
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın baş naziri Kiriakos Mitsotakis ilə görüşdən imtina edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Prezident Ərdoğan bu barədə Nazirlər Kabinetinin iclasından sonrakı açıqlamasında bildirib.
Ərdoğan ABŞ-a səfəri zamanı Yunanıstanın baş naziri Kiryakos Mitsotakisin Türkiyəyə qarşı apardığı kampaniyaya çox sərt reaksiya verib. Mitsotakisin “Türkiyəyə F-16 verməyin” çağırışına toxunan Ərdoğan deyib: "Yunanıstan və Fransa NATO-dan çıxanda Türkiyə o zaman onlara dəstək verdi. Bəs nə oldu? Yunanıstan indi bizimlə necə davranır? FETÖ-nün Avropaya gedən yolu hazırda Yunanıstan deyilmi? Hazırda Yunanıstanda 10 baza var. Bu bazalar niyə Yunanıstanda yaradılır? Avropa ölkələrinə 400 milyard avro borcu olan bir Yunanıstan var...
Onlarla danışdıq. Görüşdə razılaşdıq ki, aramıza üçüncü ölkələri gətirməyək. Yunanıstanla Strateji Şura Toplantısı keçirəcəkdik. Qoy Mitsotakis gələcək haqqında düşünsün. Biz özümüzə kifayət edirik. ABŞ-a “Türkiyəyə F-16-ları vermə” çağırışı edən Yunanıstanla qarşı-qarşıyayıq. Bundan sonra mənim üçün Mitsotakis deyə kimsə yoxdur. Onunla belə bir toplantı keçirməyə heç vaxt razı olmaram. Biz sözünün arxasında dura bilən, qürurlu və şəxsiyyətli siyasətçilər ilə yola çıxarıq. ABŞ yəqin ki, Yunanıstanın sözü ilə hərəkət etməyəcək".
O, həmçinin Finlandiya və İsveçin NATO-ya qəbul olması ilə bağlı rəsmi Ankarının mövqeyinin dəyişmədiyini də vurğulayıb: "Bu ölkələr artq terror təşkilatlarına dəstək verməklə Türkiyədən NATO-ya üzvlük məsələsində “hə” eşitmək arasında seçim etməlidirlər. Türkiyə mövqeyini bu ölkələr terror təşkilatlarına dəstəyini kəsdikdən sonra dəyişəcək".