
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Sünikə (Zəngəzura -red.) səfər edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya səfirliyinin “Facebook” səhifəsində məlumat paylaşılıb.
Bildirilir ki, rusiyalı diplomatın Zəngəzur bölgəsinə işgüzar səfəri mayın 24-də başlayıb.
"Səfir əvvəlcə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı Sərhəd İdarəsinin rəhbərliyinin müşayiəti ilə 2020-ci ildə Yerasx kəndi yaxınlığında həlak olan Mi-24 helikopterinin ekipaj üzvlərini yad edib. Bundan əlavə, o, Paruyr-Sevak və Tex sərhəd zastavalarında olub, burada şəxsi heyətlə görüşüb, Rusiya hərbi qulluqçularının gündəlik və döyüş hazırlığı fəaliyyətinin xüsusiyyətləri ilə tanış olub", - məlumatda deyilir. 
Sonra diplomat Gorus-Qafan magistral yolu boyunca qurulan postlarda Rusiya və Ermənistan sərhədçilərinin, həmçinin Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Mühafizə Xidmətinin əməkdaşları tərəfindən vəzifələrin yerinə yetirməsi ilə də tanış olub.
Qafan meri Qevorq Parsyan səfirə şəhərdəki mövcud sosial-iqtisadi vəziyyət barədə məlumat verib. Mer bölgədə təhlükəsizliyin təmin edilməsində sərhədçilərin iştirakına görə Rusiyaya minnətdarlığını bildirib.
Xatırladaq ki, bir müddət öncə ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi və Avropa İttifaqı nümayəndə heyətinin rəhbəri, səfir Andrea Viktorin də Zəngəzura gəlmişdilər.