
Azərbaycan əsilli milyarder, “Lukoyl”un sabiq prezidenti Vahid Ələkbərov “Heesen Yachts” gəmiqayırma zavodunun səhmlərini müstəqil Niderland fonduna təhvil verib.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, razılaşmanın şərtləri hələlik məlum deyil.
Müəssisənin rəsmi saytında isə bildirilir ki, mayın 18-dən etibarən şirkət yenidən bütövlükdə Niderlanda məxsusdur. 
V. Ələkbərov 1978-ci ildən fəaliyyyət göstərən gəmiqayırma zavodunu təsisçi Frans Heesendən 2008-ci ildə 100 milyon avroya almışdı. “Heesen” uzunluğu 30 m-dən 70 m-ə qədər olan qayıqlar hazırlayır, hər il gəmi üç və ya dörd yaxta istehsal edir. Hazırda 13 yaxta, o cümlədən 80 metrlik “Heesen Galactica” yaxtası üzərində iş gedir. Bu yaxta bu ilin aprelində sahibinə təhvil verilməli idi, lakin bu hələ baş verməyib.
Qeyd edək ki, Vahid Ələkbərov cari ilin aprel ayında “Lukoyl”un Direktorlar Şurasını və şirkətin rəhbəri vəzifəsini tərk edib. O bunu Böyük Britaniya və Avstraliyanın fərdi sanksiyalarının “Lukoyl”un işinə mane olması ilə əsaslandırıb. V.Ələkbərovun sözlərinə görə, məhz bu amil onun şirkət rəhbərliyini tərk etməsinə səbəb olub.
Onu da xatırladaq ki, Vahid Ələkbərov dünyada rəsmən milyarder kimi tanınan yeganə azərbaycanlıdır. 2021-cı ildə ABŞ-ın "Forbes" jurnalının tərtib etdiyi dünyanın ən varlı adamlarının siyahısında 66-cı yeri tutub. O vaxt V.Ələkbərovun sərvəti 24,9 milyard dollar həcmində qiymətləndirilib.
Senzor.az