
Amerika Birləşmiş Ştatları Ukraynaya Kiyevin Rusiya ərazisinə zərbə endirməsinə imkan verəcək uzaqmənzilli raket sistemləri göndərməyəcək.
Senzor.az bildirir ki, bunu ABŞ Prezidenti Cozef Bayden deyib.
Amerika lideri jurnalistlərin Vaşinqtonun Kiyevə uzaqmənzilli raket silahları ötürməyə hazır olub-olmayacağı ilə bağlı sualını cavablandırarkən bildirib: “Biz Ukraynaya Rusiya ərazisinə zərbələr endirməyə imkan verən raket sistemləri göndərməyəcəyik”.
Qeyd edək ki, bundan əvvəl “New York Times” öz mənbələrinə istinadən xəbər vermişdi ki, Ağ Ev Ukraynanı atəş məsafəsi 500 km-ə çata bilən M31 GMLRS (Guided Multiple Launch Rocket System) qurğuları ilə təchiz etmək qərarına gəlib.
Bundan əlavə, o da vurğulanmışdı ki, bu cür qurğular peyklərdən idarə olunan raketlərlə təchiz oluna bilər. 
Yeri gəlmişkən, daha əvvəl-mayın 26-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynaya Rusiyanı vura biləcək silahlar verməmək barədə Qərbə xəbərdarlıq etmişdi.
O, "RT Arabic" telekanalına müsahibəsində demişdi: "Rusiyanın ərazisinə zərbələr endirməyə qadir olan silahların tədarükü qəbuledilməz eskalasiyaya doğru bir addım olacaq, ümid edirik ki, Qərbdəki sağlam qüvvələr bunu başa düşəcəklər".
Nazir onu da vurğulamışdı ki, Zelenski açıq şəkildə məhz bu cür silahları tələb edir.
Senzor.az