
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-ya üzv olmaq üçün müraciət etmiş İsveç və Finlandiyadakı səfirləri dəyişib.
Senzor.az bildirir ki, bununla bağlı məlumat “Resmi gazete” də dərc olunub.
Xatırladaq ki, Finlandiya və İsveç mayın 18-də Ukraynada baş verən hadisələr fonunda Alyansa qoşulmaq üçün NATO-nun Baş katibinə ərizə təqdim ediblər. Türkiyə bu müraciətlərə baxılması prosesinin başlamasını əngəlləyib.
Türkiyə Prezidenti R.T. Ərdoğan bildirib ki, Ankara Finlandiya və İsveçin NATO-ya üzvlüyünə “hə” deyə bilməz, çünki onların Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) nümayəndələri ilə münasibətlərə dair verdiyi vədlərə inana bilmir.
Prezidentin sərəncamları ilə beynəlxalq tanıtım və mədəniyyət üzrə baş menecer vəzifəsində çalışmış Dəniz Çakar Finlandiyaya, Türkiyə Xarici İşlər Nazirliyində ikitərəfli siyasi məsələlər üzrə baş direktor vəzifəsində çalışmış Can Tezel isə İsveçə səfir təyin edilib.
“Resmi gazete”nin xəbərinə görə, Ərdoğan ümumilikdə 25 ölkədə yeni səfir təyinatına imza atıb, 23 ölkədəki səfiri geri çağırıb.