
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməliyyat keçirib.
Senzor.az-ın məlumatına görə, əməliyyat nəticəsində Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Azər Rəcəbov saxlanılıb.
O, korrupsiya cinayətlərində şübhəli bilinir. A.Rəcəbovla yanaşı daha bir neçə vəzifəli şəxsin də saxlandığı bildirilir.
A.Rəcəbov bu vəzifədə ötən ilin dekabrından işləyirdi. Ona qədər isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və Dövlət Sosial Müdafiə Fondunda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Gəncə şəhər Regional İdarəsində çalışmışdı.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, məsələ ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, A.Rəcəbovun saxlanılması barədə ilk xəbəri "Qafqazinfo" yayıb.
Onu da xatırladaq ki, bir neçə gün öncə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan, Şəki, Xaçmaz və Qazax rayonlarındakı şöbələrində də əməliyyat keçirilmiş, vəzifəli şəxslər saxlanılmışdı.