
Haqqımda yayılan video şəxsimə qarşı edilən şantaj və qurmadır.
Bunu bu gün intim görüntüləri yayıldığı iddia edilən Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov azadinfo.az-a açıqlamasında deyib.
“Bu gün bir xanım mənə görüntülü zəng etdi. Dəfələrlə zəngi geri çevirsəm də, o, mənə təkrar zəng vurdu. Çox zəngdən sonra açdım. Əvvəlcə nə baş verdiyini başa düşmədim. Xanım yarıçılpaq formada idi. Ona irad bildirib, telefonu söndürdüm. Sonra o, yenə yığdı. Yayılan videodan da görünür ki, mən məsələni anlamıram. Çünki ilk dəfə idi belə bir halla qarşılaşdırdım. Gördüm, qadının məqsədi başqadır, onu bloka atdım. Bir az sonra mənə Türkiyə nömrəsi ilə bu video göndərildi. Məni jantaj elədilər ki, əgər onlarla əlaqəni kəssəm, haqqımda video paylaşacaqlar. Təbii ki, onların bu istəyini rədd elədim.
İndi məndən qisas almaq üçün o videogörüntünü yayıblar”, - deyə o bildirib.
R.Göyüşov bildirib ki, həmin şəxlərin məqsədi onun ictimai-siyasi nüfuzuna kölgə salmaqdır: “Hər şey ortadadır. Bu şəxslər mənim ictimai-siyasi nüfuzuma kölgə salmağa çalışır. İlk dəfə deyil ki, belə hallar yaşanır. Hesab edirəm ki, bu adamlar xaricdəki qüvvələr tərəfindən idarə edilir. Yoxsa, onlar məni, harada çalışdığımı hardan bilir? Təbii ki, bu, sifarişlidir”.
Qeyd edək ki, bundan əvvəl də Türkiyədə yaşayan müəyyən şəxslər Azərbaycanda nüfuzlu, tanınan şəxsləri eyni üsulla şantaj edib, pul almağa çalışıblar.
**20:42
“Ramiz Göyüşovun sosial şəbəkələrdə yayılmış, heç bir əxlaqi normalara sığmayan videogörüntüləri ilə bağlı böyük təəssüf hissi keçirir və hiddətlə qınayaraq bildiririk ki, onun YAP Binəqədi rayon təşkilatının sədri kimi səlahiyyətlərinə cari ilin 30 iyun tarixində keçirilmiş hesabat konfransında artıq xitam verilib”.
Senzor.az bildirir ki, bunu KİV-in sorğusuna cavab olaraq Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Quliyev deyib.
Qeyd edilib ki, YAP Binəqədi rayon təşkilatının yeni sədrinin təyinatı ilə yanaşı R.Göyüşovun ümumiyyətlə partiya sıralarından xaric edilməsi məsələsinə isə YAP İdarə Heyətinin 10 sentyabr tarixində keçiriləcək iclasında baxılacaq.
"Qafqazinfo" xatırladır ki, Ramiz Göyüşovun sosial şəbəkələrdə intim görüntüləri yayılıb. Həmin görüntülərdə R.Göyüşov iş başında ikən messenger vasitəsilə ona zəng edən "qadın" qarşısında soyunub. Maraqlısı isə budur ki, zəng edən və kamera qarşısında soyunan əslində, qadın deyil. Bu, sadəcə şantajçılar tərəfindən istifadə edilən proqramdır. Onu da bildirək ki, son günlərdə sosial şəbəkələrdə bu üsulla qurbana çevrilənlərin sayı artıb.