Ukrayna Prezidenti Volodimir Zelenski Zaporojye vilayətinə işgüzar səfər edib və müdafiə xəttinin oradakı ön mövqelərinə baş çəkib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, dövlət başçısı əməliyyat şəraiti ilə yerində tanış olub.
Prezident hərbçilərlə söhbət edib, onlara dövlət mükafatları və qiymətli hədiyyələr təqdim edib: "Böyük işinizə, xidmətinizə, hamımızı, dövlətimizi qoruduğunuza görə sizə təşəkkür etmək istəyirəm. Hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm. Sizə və sizə dəstək olan ailələrinizə cansağlığı arzulayıram. Özünü qoruyun!".
Görüş iştirakçıları şəhid olan müdafiəçilərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Səfər çərçivəsində dövlət başçısı Rusiyanın silahlı təcavüzü nəticəsində evlərini tərk etməyə məcbur olmuş ukraynalıların yerləşdirildiyi sanatoriya-dispanserdə də olub.
Zelenski onların tibbi yardım ala biləcəkləri müalicə otaqlarına, eləcə də yaşayış yerlərinə baxış keçirib.
O, orada məskunlaşan insanlarla danışıb. "Mən başa düşürəm ki, hamı evinə qayıtmaq istəyir. Bura nə qədər rahat olsa da, öz evinizlə müqayisə oluna bilməz. Evdən gözəl yer yoxdur", - Prezident deyib.
Zelenski şəhərlərini tərk etmək məcburiyyətində qalan insanların mütləq evlərinə qayıdacaqlarına inandığını bildirib: "Bizim heç bir şübhəmiz yoxdur ki, müvəqqəti işğal olunmuş bütün şəhərləri azad edəcəyik. Bu, mütləq baş verəcək".
Mariupoldan olan məcburi köçkünlər Rusiyanın işğalı ilə bağlı yaşadıqları faciəli hadisələrdən danışıblar.
Onlar müvəqqəti işğal olunmuş ərazilərdə həlak olmuş yaxınlarının itirilmiş sənədlərinin bərpası və ölüm haqqında şəhadətnamələrin verilməsi məsələsinin həllinə köməklik göstərilməsi xahişi ilə Prezidentə müraciət ediblər.
Zelenski məcburi köçkünləri, bu cür sənədlərin verilməsi prosedurunu sadələşdirə biləcək mexanizmin hazırlanmasına qoşulmağa çağırıb.
Görüş zamanı məcburi köçkünlərin mənzillə təmin olunması da müzakirə olunub.
Dövlət başçısı vurğulayıb ki, evini itirmiş bütün insanlar rahat mənzil almalıdırlar.
Xatırladaq ki, bundan əvvəl Vlolodimir Zelenski Xarkov vilayətindəki hərbçilərə baş çəkmişdi.
Senzor.az










