
"Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın yaxınlaşan genişmiqyaslı işğalı ilə bağlı xəbərdarlıqları eşitmək istəmədi. Halbuki Vaşinqtonda Rusiya Prezidenti Vladimir Putinin sərhədi keçəcəyinə şübhə yox idi".
“Bloomberg”in məlumatına görə, bunu ABŞ Prezidenti Co Bayden deyib.
“Bilirəm ki, bir çoxları mənim məsələni şişirtdiyimi düşünürdülər, lakin mən bilirdim. Bizdə Rusiyanın sərhədi keçməyə hazırlaşdığına dair sübutlar var idi. Heç bir şübhə yox idi. Amma bir çoxları kimi, Zelenski də bunu dinləmək istəmədi”, - deyə Bayden vurğulayıb.
Ukrayna Prezidentinin sözçüsü Sergey Nikiforov isə Baydenin bəyanatını şərh edərək qeyd edib ki, Volodimir Zelenski genişmiqyaslı işğaldan əvvəl Rusiyaya qarşı qabaqlayıcı sanksiyalar tətbiq etməyi xahiş edib, lakin tərəfdaşlar bunu eşitmək istəməyiblər.
Onun sözlərinə görə, həmin müddət ərzində Ukrayna Prezidentinin Co Baydenlə üç-dörd telefon danışığı olub, onlar fikir mübadiləsi aparıblar və vəziyyətlə bağlı ətraflı qiymətlər veriblər.
"Ona görə də, "eşitmək istəməyib" ifadəsinə aydınlıq gətirilməlidir. Bundan əlavə, xatırlayırsınızsa, Ukrayna Prezidenti Rusiyanı qoşunlarını çıxarmağa və gərginliyi azaltmağa təşviq etmək üçün tərəfdaşları qabaqlayıcı sanksiyalar paketi tətbiq etməyə çağırıb. Və burada artıq deyə bilərik ki, tərəfdaşlarımız bizi eşitmək istəməyiblər”, - S.Nikiforov bildirib.