
“Əgər Hökumət Prezidentin qarşısını kəsirsə və onu heç yerə buraxmırsa, o, Brüsselə necə gedə bildi?”
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Salome Zurabişvilinin Fransa, Polşa və Ukraynaya səfər etmək istəyinin Hökumət tərəfindən bloklandığı bəyanatına cavab olaraq deyib.
Onun sözlərinə görə, başqa ölkələrə səfərlə bağlı Prezident tərəfindən heç bir tələb daxil olmayıb: "Son bir neçə həftə ərzində mən Prezidentdən aldığım bütün rəsmi müraciətləri imzalamışam, onun bütün xahiş və istəklərini təmin etmişəm. Yadınızdadırmı, Prezident Almaniyaya, Fransaya, indi isə İtaliyaya səfər edib. Təəccüblüsü odur ki, bu bəyanatı xanım Salome Brüsseldən verib. Əgər Hökumət, Prezidentin dediyi kimi, onun qarşısını kəsirsə və onu heç yerə buraxmırsa, o zaman Prezident necə oldu Brüsselə getdi? Başqa ölkələrə səfərə gəlincə, mən vətəndaşlara tam məsuliyyətlə izah etmək istəyirəm ki, bu günə kimi başqa ölkələrə səfərlə bağlı Prezident tərəfindən heç bir tələb daxil olmayıb".
Xatırladaq ki, Brüsseldə işgüzar səfərdə olan Prezident Salome Zurabişvili dünən bəyan etmişdi ki, Gürcüstan Hökuməti onun üç ölkəyə - Polşa, Ukrayna və Fransaya səfərinə icazə verməyib.

Prezident demişdi ki, üç ölkəyə səfərlər çərçivəsində Gürcüstana Avropa İttifaqına üzvlüyə namizəd statusunun verilməsi barədə danışıqlar aparmağı planlaşdırırmış: “Mənə bildirdilər ki, Hökumət statusun alınması prosesinin dəstəklənməsi üçün hər şey edib”.
Qeyd edək ki, Gürcüstanda Prezident-Hökumət qarşıdurması tək bunlardan ibarət deyi. Məsələ ondadır ki, Gürcüstan Hökuməti Prezident Salome Zurabişvili ilə bağlı hələ bu səfərdən əvvəl Konstitusiya Məhkəməsinə müraciət edib. Özü də hakimiyyət qolları arasında hüquq və səlahiyyətlərin dəqiqləşdirilməsi tələbi ilə.
Hökumət administrasiyasının rəhbəri Revaz Cavelidzenin bazar ertəsi yayılan şərhində deyilirdi ki, Konstitusiya Məhkəməsinə müraciətə səbəb Prezidentin Hökumətin təklifi ilə bir sıra ölkələrdə səfir təyin etməkdən imtina etməsi olub. Nazirlər Kabinetinin fikrincə, səfirlərin təyin edilməsi və onların vəzifədən azad edilməsi Gürcüstan Prezidentinin konstitusiya səlahiyyətlərinə aid deyil.
Lakin bu da hamısı deyil. Xatırladaq ki, hakim “Gürcü Arzusu Demokratik Gürcüstan” partiyası ilə Prezident arasında mübahisələr Zurabişvilinin mart ayında parlamentə illik müraciətində çıxışı zamanı Hökumətin razılığı olmadan bir sıra Avropa ölkələrinə şəxsi səfər etdiyini deməsindən sonra başlayıb. Hakim partiya onda Prezidenti konstitusiyanı pozmaqda ittiham etmiş, daha sonra isə Hökumət əlavə etmişdi ki, Prezident bir sıra səfirlərin təyinatına qarşı çıxıb. Diplomatların adları açıqlanmamışdı...
Sonda xatırladaq ki, konstitusiyaya görə, Gürcüstan parlamentli respublikadır. Xarici və daxili siyasətin əsas istiqamətlərini parlament müəyyənləşdirir, onların həyata keçirilməsini isə Baş nazirin rəhbərlik etdiyi Hökumət həyata keçirir. Gürcüstan Prezidentinə isə bir növ hakim rolu verilir.
Senzor.az