
Ermənistan müxalifətinin “Müqavimət” hərəkatının üzvləri təxminən 40 gün əvvəl İrəvanın "Fransa meydanı"nda qurduqları çadırları yığışdırıblar.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, müxalifətçilər etiraz aksiyalarını başqa formalarda davam etdirəcəklərinə söz veriblər.
Xatırladaq ki, dünən hərəkatın koordinatoru, daşnak deputat İşxan Saqatelyan siyasi mübarizə mexanizmlərinin dəyişdirilməsi və "Fransa meydanı"nın boşaldılması barədə qərarı açıqlamışdı. Mitinqlər, yürüşlər və küçə aksiyaları isə ən azı həftədə bir dəfə keçiriləcək. Saqatelyan hamını iyunun 16-da məlumatlandırıcı xarakter daşıyacaq və Ərəbkir inzibati rayonundan başlayacaq yürüşə və iyunun 18-də saat 19:30-da ümumrespublika mitinqinə dəvət edib.
Qeyd edək ki, müxalifət hərəkatı mayın 1-də "Fransa meydanı"nda çadır şəhərciyi quraraq ölkədə hakimiyyət dəyişikliyi uğrunda mübarizəyə başladığını elan etmişdi.