
Türkiyənin PKK/YPG terror qruplaşmalarına qarşı planlaşdırdığı əməliyyatlar fonunda gözlənilməz dönüş yaranıb - Rusiya və İran Türkiyə Ordusuna qarşı hərəkətləri koordinasiya etmək üçün Birgə Əməliyyat “mərkəzi yaradıblar.
Bu barədə “Al-Monitor” məlumat yayıb. 
Rusiya Suriyanın şimalında Tel-Temir bölgəsində hərbi mövcudluğunu gücləndirir
Sözügedən Mərkəz YPG silahlılarının, iranpərəst şiə yaraqlılarının, eləcə də Suriya rejimi ilə əlaqəli muzdluların birləşmiş qüvvələrini idarə edəcək.
Son günlər Rusiya Türkiyənin Suriyanın şimalında apardığı hərbi əməliyyatlara açıq etiraz edib, Ankaranı bu cür hərəkətlərdən çəkinməyə çağırıb. Qəribədir ki, Ankaranın Suriyanın şimalında 30 kilometrlik təhlükəsizlik zonası yaratmaq planları ilə qəti razılaşmadığını vurğulayan ABŞ da Rusiya ilə birlikdə çıxış edib.
Kod adı “Şimal şimşəyi” olan Əməliyyat mərkəzi Hələbin şimalında Rusiya hərbi bazasının ərazisində yerləşir və burada PKK/YPG-nin Suriya qolu, İranyönlü Fatemeyun və Hizbullah qruplaşmaları, eləcə də Bəşər Əsəd rejimini dəstəkləyən silahlı qruplar toplanıblar. 
Rusiya-İran Mərkəzi YPG yaraqlılarının, iranpərəst şiə döyüşçülərinin, eləcə də Suriya rejimi ilə əlaqəli muzdluların birləşmiş qüvvələrini idarə edəcək
“Al-Monitor”un məlumatına görə, Əməliyyat Mərkəzində iki rus zabiti, İran İslam İnqilabı Keşikçiləri Korpusunun üç nümayəndəsi, PKK-nın üç nümayəndəsi və Bəşər Əsəd rejiminin iki nümayəndəsi var.
“Şimal şimşəyi”nin məqsədi Türkiyənin antiterror əməliyyatına müqavimət göstərməyə hazır olan qüvvələri nəzarətdə saxlamaq və koordinasiya etməkdir.
Əsasən YPG döyüşçülərindən ibarət Suriya Demokratik Qüvvələrinin sözçüsü “Al-Monitor”a deyib: “İran Suriyanın şimalında şiələrin məskunlaşdığı əraziləri qorumaq istəyir. Əməliyyat mərkəzinin yaradılması ilə bağlı müzakirələr Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyanın şimalında hərbi əməliyyatlar məsələsini gündəmə gətirməsindən sonra aparılırdı”.
Regiondan gələn digər məlumatlara görə, İraqın şimalındakı Qəndil dağlarında yerləşən PKK rəhbərliyi Türkiyə Ordusuna qarşı silahlı müqaviməti koordinasiya etmək üçün Suriya Demokratik Qüvvələri ilə də danışıqlar aparır. 
Şimali İraqı Suriyanın şimalı ilə birləşdirən yeni tunel PKK üzvlərinə Türkiyənin qarşıdakı hərbi əməliyyatları zamanı YPG birləşmələrinə operativ yardım göstərməyə imkan verəcək
YPG terror qruplaşması ilə əlaqəli internet saytının məlumatına görə, Rusiya Suriyanın şimalında Tel-Temir bölgəsində hərbi varlığını gücləndirir. Bu məqsədlə iyunun 16-da bölgədəki Rusiya bazasına əlavə qüvvələr və silahlar yerləşdirilib. İki həftə əvvəl Rusiya Tel-Temir bölgəsi yaxınlığındakı Əl-Məbəkir kəndində radarlar və hava hücumundan müdafiə sistemləri quraşdırıb, həmçinin bura zirehli texnikalar yerləşdirib.
Şimali İraq Kürdüstan Demokratik Partiyasının sözçüsü Xələf Xəlil PKK-nın Sincar vilayətinin dağlıq Çılpaq bölgəsini Suriyanın şimalındakı Hasake bölgəsi ilə birləşdirən 12 kilometrlik tunel qazdığını bildirib. Bundan sonra PKK yaraqlıları nəinki sərbəst şəkildə tunel vasitəsilə Suriyanın şimalına keçə, həm də oradan silah, sursat, partlayıcı və yanacaq-sürtkü materialları keçirə bilərlər.
"Bu tunel bir neçə il əvvəl qazılıb", - Xəlif Xəlil “Al-Monitor”a deyib. – Tikinti zamanı 300 min beton blokdan istifadə olunub və eni yük maşınlarının və zirehli transportyorların oradan keçməsinə imkan verir. Şimali İraqı Suriyanın şimalı ilə birləşdirən bu tunel Türkiyənin qarşıdan gələn hərbi əməliyyatları zamanı PKK üzvlərinə YPG birləşmələrinə operativ yardım göstərməyə imkan verəcək”.
Senzor.az
(mənbə: haqqin.az)