
Şuşa Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunduqdan sonra, vaxtilə bu şəhəri qəsb edərək məskunlaşmış erməni ailələri Xankəndinə sığınıblar. Bir çoxları həmin şəhərdə yataqxanalara yerləşdirilib, özü də havayı yox, bir otaq üçün ayda 100.000 dram (hardasa 200 ABŞ dollar) ödəmək şərtilə. Daha sonra yataqxana sahibləri tələbatın artdığını görüb kirayə haqqını qaldırıblar. Hər ay üçün 150 000 drama (300 dollara). Bu vəziyyətə dözə bilməyən İzaura Balasanyan adlı erməni qadın 4 uşağını da götürüb Şuşaya – Azərbaycan hərbçilərinə sığınmaq qərarına gəlib. Amma...
Ovqat.com erməni mediasına istinadən xəbər verir ki, İzauranın bu arzusu baş tutmayıb.
Balasanyanı yolda rus “sülhməramlıları” saxlayıb, Qarabağdakı erməni xüsusi xidmət orqanına təhvil veriblər. “Xoşbəxtlikdən “DQR” “Milli Təhlükəsizlik Xidməti”nin rəhbərliyi ona qarşı heç bir ittiham irəli sürməyəcək, bədbəxt qadına təzyiq göstərməyəcək qədər ağıllı imiş. Onu Syunikdəki (Zəngəzur-red.) pulsuz bir daxmaya yerləşdiriblər. Bu, yenə də heç bir şeydən daha yaxşıdır”, - “ArmenianReport” saytı belə yazır.
Azərbaycana sığınmaq istəyən Balasanyan ailəsiErməni saytı xatırladır ki, Ermənistan vətəndaşlarının Azərbaycana sığınması halları əvvəllər də olub. Hətta ailələri ilə birlikdə avtomobillərlə Naxçıvana yollananlara da, Gürcüstandan keçərək Azərbaycana sığınanlara da rast gəlinib. Amma Qarabağda belə bir hadisənin baş verdiyini xatırlamayan müəllifin bildirdiyinə görə, bu səbəbdən Balasanyanın hərəkətləri həm Ermənistan, həm də Qarabağ ictimaiyyətini ayağa qaldırıb.
“Üstəlik, Balasanyana münasibətdə də fikirlər haçalanır. Əksər insanlar bədbəxtə rəğbət bəsləyirlər, çünki başa düşürlər ki, yalnız ümidsizlik və çarəsizlik hissi insanı belə bir addım atmağa sövq edə bilər. Cəmiyyətin kiçik bir hissəsi isə hesab edir ki, Balasanyanın Şuşaya sığınmaq istəməsi axmaq bir cəhd idi və orada uşaqları ilə birlikdə dərhal tutuldu… Bəs baş verənlərə görə yalnız İzaura Balasanyanmı günahkardır?
Əlbəttə, yox. Baş verənlərdə ilk növbədə Ermənistan və “Artsax” liderləri günahkardır. Müharibəni uduzan İrəvan sadəcə “Artsax”dan və onun xalqının problemlərindən də uzaqlaşdı”, - müəllif qeyd edir.

Məqalədə 1980-cı illərin sonu ilə bugünkü durum müqayisə edilir. O vaxt Ermənistanın Qarabağ ermənilərinə yardımını bir an belə dayandırmadığını vurğulayan yazar, indi onlara əvvəlki diqqətin ayrılmadığını bildirir. Üstəlik, Qarabağa göndərilən cüzi yardımlar da Arayik Arutyunyan və onun komandası tərəfindən mənimsənilir, dolayısıyla öz həqiqi ünvanına çatmır: “İrəvanda heç kim pulun təyinatı üzrə necə və nə qədər xərcləndiyi barədə düşünmür də. Arayik Arutyunyanın ətrafının cibinə hər ay nə qədər pul axdığını bilən yoxdur. Arayik, yeri gəlmişkən, keçən ilin noyabrından bəri toy generalına çevrilib - artıq Xankəndidə heç nəyə o, qərar vermir. Daha artığını deyəcəyəm - Ermənistan Artsaxın qalıqlarını Rusiyanın mərhəmətinə verdiyindən, Arutyunyan orada sadəcə Kremlin bir kuklasına çevrilib. Rusiyanın isə bölgədə öz hərbi varlığını gücləndirmək üçün torpağa ehtiyacı var, amma orada yaşayan insanlar və onların problemləri Moskvanın vecinə də deyil. Bu gün Artsaxda əsl gücə sahib olan nə Ermənistandır, nə də Arayik Arutyunyan – Rusiyadır!”.

Müəllif, yekunda o qənaətə gəlir ki, Qarabağdakı bu vəziyyət sonunda bütün erməni sakinlərini, İzaura kimi, Azərbaycana sığınmağa məhkum edəcək: “Kreml Artsaxı Ermənistandan nə qədər uzaqlaşdırsa, sakinlərinin problemləri bir o qədər çoxalacaq və İzaura Balasanyan kimi insanların sayı artacaq. Nəticədə öz xalqından kömək ala bilməyən və anlayışla qarşılanmayan insanlar düşməndən kömək istəməyə çalışacaqlar. İzaura ilk “sınaq daşı” idi. İrəvan indiki mövqeyindən geri çəkilməs, “Artsax”ın taleyi ilə bağlı narahat olmasa, Qarabağ ermənilərinin kütləvi şəkildə Azərbaycanın nəzarətindəki ərazilərə köçməsinin şahidi olacağıq. Dəhşətli səslənir? Razıyam, amma bu, həyat həqiqəti və ümidsiz insanların haqqıdır”.