
Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu Qazaxıstan Prezidenti Kasım Jomart Tokayevin sərgilədiyi iki mövqe ilə yadda qaldı:
1.Tokayev Rusiyanın ona təqdim etmək istədiyi “Aleksandr Nevski” ordenindən imtina etdi;
2. Rusiya Prezidenti Vladimir Putinin yanında “dxr” və “lxr”i “kvazidövlət”lər adlandırdı.
Tokayevin bu iki davranışı ilk baxışda Kremlə qarşı mövqe kimi görünsə də, belə deyil. Məsələ ondadır ki, Rusiya-Ukrayna müharibəsinin günü-gündən uzanması və Qərbin sanksiyaları genişləndirməsi rəsmi Moskva ətrafında çəmbəri daraldır. Sanksiyalar səbəbindən iqtisadi baxımdan ciddi zərbə alan Kreml prosesin gec-tez ona yaxın olan ölkələrə sirayət etməsindən ehtiyat edir. Xüsusilə 3 ölkə - Belarus, Qazaxıstan və Ermənistan hazırda Kremlə ən yaxın ölkələrdir və Rusiya-Ukrayna müharibəsi fonunda bu ölkələrə də sanksiyaların tədbiq edilməsi mümkündür.
Rəsmi Moskva tədbiq edilən sanksiyaların onunla əməkdaşlıq edən ölkələrə sirayət etməməsi üçün Avropanın gözündən pərdə asmağa çalışır. Bunun ən gözəl nümunəsini də Qazaxıstan Prezidenti Kasım Jomart Tokayevin timsalında görə bilərik. 
Tokayevin “Aleksandr Nevski” ordenindən imtina etməsi, Putinin yanında “dxr” və “lxr”i “kvazidövlət”lər adlandırması da rəsmi Kremlin razılığı ilə baş tutan məsələlərdir. Xüsusilə Tokayev “Putinin yanında “dxr” və “lxr”i “kvazidövlət”lər adlandırması sözün əsl mənasında “cəsarət” tələb edən addımdır. Lakin Tokayevin bunu BMT Nizamnaməsi ilə izah etməsi həm də Kremlin nə etmək istədiyini aydınlaşdırır.
Tokayev qeyd edib ki, “BMT Nizamnaməsindəki iki əsas prinsip – ölkələrin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmək hüququ indi bir-biri ilə ziddiyyət təşkil edir. Lakin bütün dünyada millətlərin öz müqəddəratını təyinetmə hüququ reallaşarsa, indi BMT-yə üzv olan 193 dövlət əvəzinə 500-600 dövlət yaranacaq ki, bu da xaosa səbəb olacaq. Buna görə biz nə Tayvanı, nə Kosovanı, nə Cənubi Osetiyanı, nə də Abxaziyanı tanıyırıq. Bu prinsip Luqansk və Donetskdə olan kvazidövlət ərazilərinə də şamil olunacaq”.
Kremilin istəyi ilə Tokayevin dediklərindən çıxan məntiq belədir:
1. Qazaxıstan heç də Rusiyanı dəstəkləmir və Kremldən fərqli olaraq beynəlxalq hüquqa hörmət edir;
2. Tokayev yeri gəldikdə Putinə sözünü deyə bilir və qazax xalqının maraqları çərçivəsində davranır;
Prezident Kasım Jomart-Tokayevin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda səsləndirdiyi bəyanatlardan sonra Rusiya Qazaxıstan neftinin ixrac üçün daşınmasına məhdudiyyətlər qoyub. 
Belə ki, rəsmi Kreml İkinci Dünya müharibəsindən qalma mina ola biləcək obyektlərin tapılması səbəbindən Qazaxıstan neftinin ixracını Novorossiysk limanında dayandırılıb. Minatəmizləmə işləri iyunun 20-nə planlaşdırılıb və ayın sonuna qədər davam edə biləcəyi deyilib.
Neftin nəqlinin dayanmasının Tokayevin Sankt-Peterburqa səfəri fonunda baş tutması ilk baxışda Kremlin Qazaxıstana gözdağı və ya cəzası kimi görünsə də mahiyyət etibarilə bu da Qərbin gözündən pərdə asmaqdan başqa bir şey deyil. Bütün bunlardan çıxış edərək hazırda Qazaxıstan ilə Rusiya arasında bu və ya başqa formada gərginliyin olduğunu düşünmürəm. İstər Tokayevin səsləndirdiyi anti-Rusiya bəyanatları, istərsə də Rusiyanın buna cavab olaraq Qazaxıstan neftinin nəqlini dayandırması Kremlin planı əsasında baş tutur. Rəsmi Moskva bununla Qazaxıstanı Qərbin sanksiyaları və təzyiqlərindən yayındırmağa çalışır. Mümkündür ki, yaxın zamanlarda proses Belarusla da bu və ya başqa formada cərəyan etsin.
Turan Rzayev,
politoloq