
Bakıda keçirilən Qlobal Forumda İsrailin keçmiş xarici işlər naziri Tzipi Livni ilə Səudiyyə Ərəbistanının sabiq kəşfiyyat naziri şahzadə Türki Feysəl Əl Səud arasında keçirilən görüş Yaxın Şərq mediasında sözün əsl mənasında partlayış effekti verib.
Senzor.az haqqin.az-a istinadən bildirir ki, Livni sosial media səhifəsində Səudiyyə şahzadəsi ilə çəkdirdiyi şəklini bu sözlərlə paylaşıb: “Biz Prezident Baydenin İsrail və Səudiyyə Ərəbistanına səfərini səbirsizliklə gözləyirik”.
Mətbuatı çaşdıran odur ki, Şahzadə Türki İsrailin barışmaz tənqidçisi kimi tanınır. O, “Arab News”a bu yaxınlarda verdiyi müsahibədə hətta soydaşlarını yəhudi dövlətinə qarşı iqtisadi sanksiyalar tətbiq etməyə çağırıb. 
Yaxın Şərqi "partladan" şəkil
İsrail mediası bu fotonu birinci səhifələrə yerləşdirərək açıq şəkildə eyham vurub ki, görünür, keçmiş xarici işlər nazirinin Səudiyyə Ərəbistanının sabiq kəşfiyyat naziri ilə Bakı Qlobal Forumunda görüşü ABŞ Prezidenti Co Baydenin Yaxın Şərqə rəsmi səfərindən əvvəl təsadüfi olmayıb.
ABŞ Prezidenti iyulun 13-də İsrailə və Fələstin Muxtariyyətinə səfər edəcək, ertəsi gün isə Səudiyyə Ərəbistanına uçacaq.
Səfər zamanı Bayden iki Yaxın Şərq dövləti arasında yaxınlaşma ilə bağlı danışıqlar aparacaq.
Görünür, iyulun 15-də və 16-da - ABŞ Prezidentinin gedişindən bir sutka sonra Ciddədə Fars körfəzi monarxiyası liderlərinin, həmçinin İordaniya, İraq və Misirin iştirakı ilə regional sammitin keçirilməsi təsadüfi deyil.
Sammitin gündəliyinə Rusiyanın Ukraynaya təcavüzü, qlobal enerji və ərzaq böhranı, həmçinin İsrail ilə ərəb ölkələri arasında münasibətlərin müzakirəsi daxildir.
Senzor.az