
İyunun 21-də Daşkənddə geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi olub. 
Senzor.az bildirir ki, sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatlarla çıxış ediblər.
**16:06

İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə geniş tərkibdə görüşü olub.
Senzor.az bildirir ki, dövlət başçıları görüşdə çıxış ediblər.
**15:24
İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə məhdud tərkibdə görüşü olub. 
Senzor.az bildirir ki, dövlət başçıları əvvəlcə birgə foto çəkdiriblər.
**13:45
İyunun 21-də Daşkənddə Heydər Əliyev Meydanının açılışı olub. 
Senzor.az bildirir ki, Özbəkistanda dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev açılış mərasimində iştirak ediblər.
Meydan paytaxtın Mirabad rayonunda azərbaycanlıların yığcam yaşadıqları ərazidə yerləşir. Ətrafdakı binalar abadlaşdırılıb. Meydanın ərazisi tamamilə yenidən qurulub, burada yaşıllıq salınıb, sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb.
Meydanın mərkəzi hissəsində ulu öndər Heydər Əliyevin böyük memorial kompleksi ucaldılıb.
Ümummilli lider Heydər Əliyevin adını daşıyan küçədə yerləşən meydan şəhər sakinləri və qonaqların istirahət üçün ən çox üz tutduqları yerlərdən biri olacaq.
Sonra Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və digər şəxslər çıxış etdilər.
Dövlət başçıları memorial kompleksin açılışını etdilər.
Daha sonra Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev memorial kompleksin önünə gül dəstələri qoydular.
**13:40
İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər. 
Senzor.az bildirir ki, Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.
Məlumat verildi ki, Özbəkistanın müstəqilliyinin 30 illiyi münasibətilə ucaldılan abidə özbək xalqının üç min illik tarixini əks etdirir. Yeni abidə paytaxt yaxınlığında yerləşən, ölkənin müstəqilliyinin ildönümünə həsr olunan “Yangi Uzbekiston” (“Yeni Özbəkistan”) kompleksinin mərkəzində yerləşir. Altmış metr hündürlüyündəki abidə görkəmli şəxsiyyətlərin həyat və fəaliyyəti ilə əlamətdar olan dövrü əks etdirir.
Abidə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin tapşırığı ilə layihələndirilib. Bu abidədə Özbəkistan tarixində qədim vaxtlardan müasir dövrədək baş verən mühüm hadisələr təsvir edilib. Kompleksdə əsasən sərkərdə və döyüşçülərin, alim və mütəfəkkirlərin, maarifçilərin obrazları əks olunub. Müstəqillik abidəsini sülh, azadlıq, xeyirxahlıq və xoşbəxtliyi tərənnüm edən, qanadları geniş açılmış Humay quşunun obrazı tamamlayır.
Sonra prezidentlər xatirə şəkli çəkdirdilər.
**13:35
İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Daşkənddəki “Kuksaroy” dövlət iqamətgahında rəsmi qarşılanma mərasimi olub. 
Senzor.az bildirir ki, Azərbaycanın və Özbəkistanın dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.
Azərbaycanın və Özbəkistanın Dövlət himnləri səsləndi.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.
Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan əsgərlərini salamladı.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Özbəkistanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Şavkat Mirziyoyevə təqdim edildi.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçdi.
**11:37

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də Özbəkistan Respublikasına dövlət səfərinə gedib.
Senzor.az bildirir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı İslam Kərimov adına Daşkənd Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıblar.

