Əhalisinin sayına görə dünyanın ən böyük ölkəsi artıq Çin deyil.
Senzor.az bildirir ki, BMT-nin yaydığı məlumatda belə deyilir.
Qeyd olunur ki, bu göstərici üzrə lider ölkə indi Hindistandır. Bu amilin qlobal iqtisadi dəyişikliyə də səbəb olacağı ehtimal olunur. Çünki nəhəng şirkətlər Çində istehsalın həcmini azaldaraq Hindistana üz tuturlar.
BMT-nin məlumatında vurğulanır ki, Çində doğum səviyyəsinin azalması fonunda son illər onun qonşusu Hindistanda bu sahədə böyük irəliləyiş baş verib. “Tək uşaq” siyasətini həyata keçirən Çində əhalinin sayı 1milyard 426 milyona düşüb. Hindistanda isə cari ilin sonunda əhalinin sayının 1 milyard 429 milyonu ötəcəyi bildirilir. COVID-19 pandemiyası ilə əlaqədar 2021-ci ildə bu ölkədə əhalinin qeydə alınması həyata keçirilmədiyi üçün tam dəqiq rəqəmlər məlum deyil, lakin son illərdəki artım tempi onun Çini ötüb keçdiyini göstərir.
Məlumatda diqqətə çatdırılıb ki, son 12 il ərzində Hindistan əhalisinin sayı 210 milyon nəfər artıb və hər ay 1 milyon uşaq dünyaya gəlib. Bu artım Braziliya əhalisinin sayı qədərdir. Doğum tempinin bu sürətlə davam edəcəyi təqdirdə, 2064-cü ildə Hindistan əhalisinin sayının 1,7 milyarda çatacağı proqnozlaşdırılır.
Hindistanda əhali artımı ucuz işçi qüvvəsi axtaran nəhəng qlobal kompaniyaların bu ölkəyə yönəlməsinə səbəb olub. “Wall Street Journal” nəşrinin yazdığına görə, artıq “Apple” və “Foxconn” kimi şirkətlər Çində istehsalı azaldır və Hindistanda yeni zavodlar açır. Bunun bir səbəbi də, Çində əhalinin yaşlanması prosesidir. Belə ki, son 20 ildə bu ölkədə 65 yaşdan yuxarı əhalinin sayı 87 faiz artıb, işçi qüvvəsi isə azalıb.