
“Milli Hərəkat cinayətlər törədən, biznesi qarət, insanları həyatdan məhrum edən bir qüvvədir. Onlar bir çox insanı birbaşa küçədə güllələyiblər, bizneslərini əllərindən alıblar”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili deyib.
Onun sözlərinə görə, sabiq prezident Mixeil Saakaşvilinin son açıqlaması da göstərir ki, bu siyasi qüvvənin insanlara münasibəti dəyişməyib: “Görürsünüzmü, necə bəyanatlar verir, hansı mətnlərlə danışır? Onun əlində olmayan yeganə şey hakimiyyətdir. Əgər bu gün Gürcüstanın başında olsaydı, vəziyyət daha da pis olardı. Ailələri, insanları məhv edərdi, bu münasibət dəyişməyib. Bu qədər vaxt keçib, amma nə analiz aparıb, nə də küçədə güllələnən ailələrdən üzr istəyib. Bunlar, sözün əsl mənasında, faşistlərdir. İnsanları bölür, qırmızı xətt çəkir və deyirlər ki, bunlarla bizim aramızda ortaq şeylər ola bilməz. Görürsünüzmü, bu insan necə düşünür, hansı dəyərlərlə yaşayır.
Əgər diqqət etsəniz, bəziləri hətta təəssüflərini bildirirlər ki, o vaxt müxalifəti (indiki hakimiyyəti) və özlərinə qarşı çıxanları tam məhv etməyiblər. Vaxtilə demokratiya, ədalət və Avropa İttifaqından danışan bu adamları xatırlayırsınızmı?”.