Məlum olduğu kimi, Ukrayna Prezidenti Volodimir Zelenski dünən Ankaraya səfər edib və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparıb.
Yerli medianın məlumatına görə, liderlər arasında danışıqlarla yanaşı, Türkiyə liderinin ukraynalı həmkarı Volodimir Zelenskini qarşıladığı anlar sosial şəbəkələrdə maraqla qarşılanıb və gündəmə çevrilib.
Belə ki, rəsmi qarşılanma mərasimi zamanı yağış yağdığından Ərdoğan çətirini Zelenski ilə paylaşıb və tərəflər çətirlə birgə foto çəkdiriblər.
Ərdoğanın bu jesti və sözügedən foto sosial şəbəkələrdə Türkiyənin Ukraynaya verdiyi dəstəyin simvolik ifadəsi olaraq şərh edilib.
Eyni zamanda, həmin foto iki ölkə arasında dost münasibətlərini gücləndirən detal olaraq qiymətləndirilib.
Onu da xatırladaq ki, Ankaradakı görüşə paralel olaraq Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya və ABŞ nümayəndələri arasında Ukrayna ilə bağlı danışıqlar keçirilib. Dünya mətbuatı bu məqamı qabardaraq Zelenskinin Ankaraya səfərini Ər-Riyaddakı danışıqlar fonunda Ukraynanın Türkiyəyə sığınması kimi qiymətləndiriblər.
İctimai TV-yə istinadən həmin anların görüntülərini təqdim edirik: