Paşinyanın va-bankı: İRƏVANDA GƏRGİNLİK ARTIR
ELÇİN ALIOĞLUNUN YAZISI

Ermənistanın baş naziri Nikol Paşinyan ölkə daxilində hakimiyyətinə qarşı yönələn təhdidlərlə çağırışların gücləndiyini hiss edərək daha radikal davranmağa başlayıb.

 

Azərbaycanla Ermənistan arasında şərti dövlət sərhədində yerləşən Dığ (Tex) kəndi ilə bağlı situasiyadan gərəkli nəticə hasil edilməzsə prosesin ermənilər üçün yaxşı heç nə vəd etmədiyini İrəvan anlayıb.

 

Ermənistanın baş naziri Nikol Paşinyanın dediyinə görə, Tez-Kornidzor istiqamətində, Azərbaycan Ordusunun yeni mövqelərinin yaradıldığı məkanda postlar yenidən yoxlanaraq müəyyənləşdirilib

 

"Tex kəndində 12 kilometrimiz var, onun 5 kilometrini problemli hesab edirik. Bu gün bu problemli hissə 1,4 km azalıb. Bu o deməkdir ki, sərhədlə bağlı müəyyən tənzimləmələr edilib və azərbaycanlılarla bizim ortaq fikirimiz yaranıb. Ermənistan sərhədçiləri də həmin sərhəddən müəyyən məsafədə Azərbaycan sərhədçiləri ilə yanaşı yerləşdiriliblər. 12 kilometrlik hissənin 7 kilometrində işlər başa çatıb, situasiya da yaxşılaşıb. Yerdə qalan sahələrdə də işlər davam edir və ümid edirəm prosesi konstruktiv keçəcək", - N.Paşinyan deyib.

 

O, daha sonra bəyan edib ki, Ermənistan Madrid prinsiplərinə əsasən Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb: "Sadəcə problem bundadır ki, biz arzularımızı reallıq hesab edib uzun illər bununla yaşamışıq. Amma düşünmədik ki, bu "reallığın" beynəlxalq və geosiyasi reallıqla heç bir əlaqəsi yoxdur. Biz bu gerçək reallıqla üz-üzə qalmalıyıq".

 

Tex kəndi ilə bağlı açıqlamalar Nikol Paşinyanın situasiyanı real dəyərləndirməyə başlamasına dəlalət etmir: sadəcə olaraq, ermənilərin baş naziri ölkə daxilində hakimiyyəti üçün təhdidlərin gücləndiyini, riskli çağırışların artdığını hiss edir.

 

Azərbaycanla yekun sülh sazişinin imzalanması prosesində mümkün qədər süni əngəllər yaratmaq istəyinə rəğmən, Nikol Paşinyan anlayır ki, Avropa İttifaqı və ABŞ bölgədə dayanıqlı sülhlə sabitliyin bərqərar olmasında maraqlıdır. Bu səbəbdən də Vaşinqton və Brüsselldən alınan messiclər əvvəllər dilətutma və sövqetmə səciyyəli idisə, indi Qərb Ermənistandan adekvat qərarlarla konstruktiv, ən əsası isə real siyasət gözləyir. Tələblərin məzmunu da budur.

 

Qərbin tələblərini gerçəkləşdirməyin yolu isə İrəvan üçün Rusiya Federasiyası ilə münasibətlərin təftişindən keçdiyindən Nikol Paşinyan indi özünü narahat və hətta təşvişdə hiss edir. 

Ermənistanda Rusiyanın nəzarətindəki siyasi qüvvələrin, xüsusilə də müxalifət düşərgəsindəki qrupların aktivləşməsi, eyni zamanda İranın maliyyələşdirdiyi və ya təsir altında saxladığı şəxslərin aktiv şəkildə Paşinyana qarşı çağırışlarla çıxış etmələri vəziyyəti daha da gərginləşdirib.

 

Sadalanan səbəblər toplusu Ermənistan müxalifətinin Nikol Paşinyanın şəxsi təhlükəsizliklə bağlı qorxularının sürətlə artmasını iddia etməsinə belə, rəvac verib.

 

"Hrapark" qəzeti iddia edib ki, İkinci Qarabağ müharibəsindən sonra Paşinyan həm parlamentdə, həm də öz ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib

 

"Hətta akkreditasiyadan keçmiş jurnalistlər də diqqətlə yoxlanılır. Paşinyanın son səfərlərindən birində isə mühafizəçilər təhlükəsizlik tədbirlərini bəhanə edərək hətta media nümayəndələrinin də fəaliyyətini məhdudlaşdırmağı qərara aldılar. Həmçinin bir gün əvvəl Paşinyanı çəkən operatora kameranın "Zoom"unun böyüdülməsinə də icazə verilməyib", - "Hrapark" vurğulayıb.

 

Qəzetin yazdığına görə, bundan əlavə, konfrans zalında işləyən operatorlara baş naziri yaxın məsafədən çəkməmək barədə xəbərdarlıq edilib: "Dünən o da məlum olub ki, Paşinyanın səfəri ilə əlaqədar 44 günlük müharibədə həlak olan hərbçilərin bir qrup valideynlərini İnsan Hüquqlarının Müdafiəsi Daimi Komitəsinin sədri Taquhi Tovmasyanın təşkil etdiyi müzakirədə iştirak etmək üçün parlamentə buraxmayıblar. Və bu günlərdə parlamentdə məktəblilərin qəbulu keçirilsə də, iclas növbədənkənar toplantıya görə təxirə salınıb".

 

İrəvandakı "Joxovurd" qəzetində də Paşinyanın təhlükəsizliyindən narahat olduğuna dair məqalə dərc edilmişdi.

 

Paşinyanın "Ermənistan Madrid prinsiplərinə əsasən Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb" açıqlaması isə siyasi təlxəkliyin bariz nümunəsidir. Belə ki, Ermənistanın baş naziri indiyədək "Alma-Ata bəyannaməsinə uyğun olaraq Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıyır" deyirdi.

 

İlk baxışdan qəribə heç nə yoxdur: yəni Nikol Paşinyanın hansı sənədə istinad etməsi önəmli deyil - mühüm olan budur ki, Ermənistan istənilən halda Qarabağı Azərbaycanın ayrılmaz hissəsi sayır.

 

Belə deyil.

Nikol Paşinyanın bütün bəyanatları sadəcə, sözlərdir.


Reallıq isə budur ki, Paşinyan va-banka gedərək vəziyyəti fasiləsiz və sürətlə gərginləşdirir.


İrəvanda da gərginlik artmaqdadır və bu, ermənilər üçün çox pis perspektiv vəd edir.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.