Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin iyunun 1-də İranda casusluq ittihamı ilə həbs edildiyi məlum olub.
Fevralın 20-də Almaniyadan İrana getdikdən sonra Fərid Səfərlidən xəbər tutmaq mümkün olmurdu.
Belə ki, Fərid Səfərli fevralın 20-də İrana səfərə getsə də, martın 4-dən etibarən ondan xəbər alınmayıb. Onunla bağlı müraciət isə Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub.
Azərbaycan Xarici İşlər Nazirliyi Fərid Səfərlinin taleyi ilə bağlı İranın Azərbaycandakı səfirliyinə iki dəfə nota verib. Məhz çoxsaylı müraciətlərdən sonra, İran tərəfi notaya cavab olaraq, onun həbs olunduğunu, haqqında cinayət işi başladıldığını bildirib.
Fərid Səfərlinin casusluq kimi ağır bir ittihamla həbs edilməsi də, onun İrana gəlişi də qeyri-adi və sirlidir.
SEPAH agenti
Fəridin Almaniyadan İrana gəlişi olduqca müəmmalıdır. Belə ki, hər şey onun Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş İran vətəndaşı olan bir qadınla tanış olması ilə başlayıb.
Xanımın praktikası başa çatdıqdan sonra İrana qayıdıb. Buna baxmayaraq, onlar arasında telefon əlaqəsi olub. Qərarlaşıblar ki, İstanbulda görüşsünlər. Fərid İstanbula gedib və bu zaman məlum olub ki, onun tanış olduğu xanımın vizası düzəlməyib. Məhz bundan sonra Fərid İstanbuldan İrana gedib və... həbs olunub.
Hadisələrin inkişaf xətti və nəticəsi onu deməyə əsas ki, Fəridin tanış olduğu iranlı xanım SEPAH agentidir. İstanbulda görüşün baş tutmaması və iranlı xanımın vizasının alınmamasını hadisələrin kuliminasiya nöqtəsi hesab etmək olar. Mümkündür ki, Fərid elə İrana ayaq basdığı hava limanının ərazisində qəfil həbs edilib.
Rəşid Əliyev insidenti ilə paralellik
İranda azərbaycanlı tələbənin casusluq ittihamı ilə həbs olunması prinsip etibarilə ilk belə hal deyil. Analoji hadisə 2008-ci ilin oktyabrında da baş vermişdi - azərbaycanlı alim Rəşid Əliyev həbsə atılmışdı.
Belə ki, olaraq İranın "Sazan Elektronics İndustry Company" şirkətinin dəvəti və BDU-nun razılığı əsasında başlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində 2006-2008-ci illərdə həmin şirkətdə çalışıb. Şirkət rəhbərliyi azərbaycanlı alimə İranda daimi qalıb işləməsi ilə bağlı dəfələrlə təklif etsə də, o bu təklifləri qəbul etməyib və ölkəyə qayıdıb.
Şirkət direktoru Eftexarinin təkidli xahişindən sonra, Əliyev sonuncu dəfə İrana qayıdıb. Lakin bu dəfə o, viza problemi bəhanə gətirilərək həbs edilib.
Rəşid Əliyev İran məhkəməsinin hökmü ilə saxta ittihamlarla, özünün iştirakı olmadan 3 il müddətinə azadlıqdan məhrum edilib. 1 il 10 ay həbsdə olandan sonra, avqustun 11-də azadlığa buraxılıb.
Həbsdən azad olunduqdan sonra da R.Əliyev dəfələrlə hədələnmiş, hətta İranın Azərbaycandakı keçmiş səfiri M.Bəhrami onu açıq şəkildə Azərbaycan agenti adlandırmışdı.
İrana səfərlər qadağan edilməlidir!
Rəşid Əliyev, Fərid Səfərli kimi nümunələr əslində çoxdur. Azərbaycan vətəndaşlarının İranda həbs edilməsi, incidilməsi ilə bağlı kifayət qədər faktlar mövcuddur.
Mövcud İran-Azərbaycan gərginliyi fonunda bu ölkəyə səfərlər yeni Rəşid Əliyev, Fərid Səfərli kimi insidentlərin yaranmasına gətirib çıxara bilər.
Məsələ ondadır ki, son dövrlər Azərbaycanda İranın casus şəbəkəsinin ifşa olunması, səs-küylü həbslərin həyata keçirilməsi qarşı tərəfi öz mahiyyətinə uyğun əməllərə əl atmağa vadar edir.
İran hazırda bu ölkəyə müalicə, təhsil, ticarət, turistik səfər edən bütün Azərbaycan vətəndaşlarına potensial casus kimi baxır. SEPAH-a bağlı xüsusi şəxslər bu insanlarla müxtəlif yollarla təmasa keçib onlara sonda casusluq təklif edir, rədd cavabı aldıqda isə “azərbaycanlı casus” yaradıb, onu həbs etmək yoluna baş vurur. İran bununla həm də diqqəti öz üzərindən yayındırmağa, əsl üzünü gizlətməyə cəhd edir.
İran bu gün dünyada terrora dəstək verən ölkə kimi tanınır. Təsadüfi deyil ki, bu gün molla rejiminin Sudan, İraq, Suriya, Əfqanıstan, Küveyt, Bəhreyn, İordaniya, Səudiyyə Ərəbistanı, Mərakeş, Oman, Yəmən, Hindistan, Livan, Liviya və digər ölkələrdə yaratdığı “hizbullahçı” strukturları aktiv şəkildə fəaliyyət göstərir. İran bu strukturları Cənubi Qafqaza da tətbiq etmək istəyir.
Hesab edirəm, İrana səfərlər dövlət səviyyəsində rəsmən qadağan olunmalıdır. Belə ki, hazırda sərhədlərin bağlı olması səbəbi ilə bəzi vətəndaşlarımız İrana üçüncü ölkələr vasitəsilə səfər edirlər. Bu isə daha təhlükəlidir.
Məsələyə başqa bir aspektdən baxdıqda hazırda dünyada düşmən münasibəti ilə seçilən ölkələrə vətəndaşların səfərlərinin qadağan olunması kimi nümunələr var. Buna misal kimi, ABŞ və Yaponiyanın öz vətəndaşlarının Şimali Koreyaya səfərini qadağan etməsini göstərmək olar. Bu ölkələrdə müvafiq qadağanı pozan şəxslərin 5 ildən 10 ilə qədər həbs edilməsi təcrübəsi belə var. Bizdə hələlik belə bir sərt qadağa olmasa da, vətəndaşlarımız özləri öz məsuliyyətlərini dərk etməlidirlər.
Turan Rzayev,
politoloq