Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına yönəlmiş prosesin ləngiməsinin və İrəvanın fasiləsiz olaraq süni əngəllərlə problemlər yaratmasının mənbəyinin Fransa olduğu bəllidir.
Məhz Fransa hazırda Cənubi Qafqazda yeni gərginliyin yaranmasının səbəbkarı, növbəti qarşıdurmanın və hətta mümkün hərbi əməliyyatın təkanverici qüvvəsi, konfrontasiyanın müəllifidir.
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyanın dünən Almaniya XİN-in vasitəçiliyi ilə keçirdikləri görüş təbii ki, müəyyən, kiçik də olsa, nikbinlik üçün əsas verir.
Fəqət, zərrə qədər şübhə olmamalıdır ki, danışıqlar prosesindəki istənilən irəliləyişə Fransa bütün vasitələri işə salaraq mane olmağa, vəziyyəti mürəkkəbləşdirməyə çalışacaq.
Avropa İttifaqının aparıcı geosiyasi gücü, "qoca qitə"də ABŞ və Çinin əsas rəqibinə çevrilməyə can atan Fransa bölgəmizi Zbiqnev Bjezinskinin təbirincə desək, yeni şahmat taxtası qisminlə görür.
Emmanuel Makronun regionla bağlı mövqeyinin Rusiya və İran tərəfdən ilk baxışdan təəccüb doğuran soyuqqanlıqla, hətta müəyyən mənada laqeydliklə müşahdə edilməsi paradoks təsiri bağışlaya bilər.
Zahirən, qəribə vəziyyətdir: sərhədləri boyunca istənilən ölkədə Avropa İttifaqının, ABŞ-ın və ya NATO-nun aktivliyini həddən ziyadə qıcıqla, təlaşla və hətta qəzəblə qarşılayan Rusiya ilə İran indiki situasiyada Fransanın Ermənistandakı aktivliyini, Parisin erməniləri sürətlə silahlandırmasını, İrəvanın xarici siyasət kursuna aşkar müdaxilələr və düzəlişlər etməsini sakit qarşılayırlar.
Yalnız zahirən paradoksal təsir bağışlayan vəziyyətin əslində çox bəsit izahı var.
Böyük dövlətlər və ya böyük görünməyə çalışan ölkələr arasında dünyanın müxtəlif yerlərində maraq toqquşmaları, geosiyasi qarşıdurmalar ola bilər. Amma müəyyən bölgələrdə onlar maraqlarını təmin etmək üçün rəqiblərinin mənafelərini nəzərə alırlar. Bəzən elə olur ki, amansız rəqib, hətta düşmən təsiri bağışlayan dövlətlər izafi maraqları olan regionda situativ tərəfdaşlara, yaxud bir-birilərinin fəaliyyətini sakit müşahidə edən oyunçulara çevrilirlər.
Fransanın bölgəmizdə aktivliyini, Ermənistanı total dəstəkləməsinin xarici siyasətləri və ümumiyyətlə, ideologiyaları anti-Qərb narrativlərə əsaslanan Rusiya ilə İran tərəfindən müşahidə olunmasının səbəbi də budur.
Digər geniş yayılan və əslində yanlış olan mövqe Fransanın Cənubi Qafqazdakı əsas istinad məkanının Ermənistan olması ilə bağlıdır.
Belə deyil, çünki Parisin bölgədə stavka etdiyi əsas məkan Gürcüstandır.
Gürcüstanın siyasi elitalarında, hakimiyyət isteblişmentində və siyasətində Fransanın güclü təsiri var: başda prezident olmaqla, bir çox gürcü dövlət xadimləri və siyasətçiləri Parisin etibar etdiyi fiqurlardır.
Ermənistana gəldkidə, Fransa ermənilər vasitəsilə Azərbaycana və Türkiyəyə fasiləsiz təzyiqlər göstərmək, regional qüvvələr balansına təsir etmək fikrindədir. Parisin regionumuzla bağlı ssenarilərində Rusiya və İranla qarşıdurmaya səbəb ola biləcək elementlər yoxdur.
Tam əksinə, İranla Fransa arasında illərdən bəri bir sıra məsəllələrdə açıqlanmayan tərəfdaşlıq mövcuddur.
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Jozep Borrel də sürəkli olaraq “Azərbaycan hərbi əməliyyatlar keçirməyə hazırlaşır” tipli bəyanatlar verərək bölgədə süni gərginlik yaratmağa çalışır. Məqsəd məlumdur: Aİ-də geosiyasi lider mövqelərə yiyələnməyə çalışan Fransanın sifarişinin yerinə yetirilməsini asanlaşdırmaq, Azərbaycanı hansısa hipotetik güzəştlərə vadar etmək və sonucda bölgədə Aİ-nin siyasi plasdarmını yaratmaq.
Ukraynadak hərbi əməliyyatlar müstəvisində Parislə Moskva az qala qarşılıqlı düşmən mövqelərdədirsə, Cənubi Qafqazda onların maraqları sərt antoqonizm səviyyəsinə çatmayıb.
Fransa prezidenti Emmanuel Makronun bölgəmizlə bağlı əsas məqsədinə gəldikdə isə, o, 44 günlük İkinci Qarabağ Müharibəsindən və ötən ilin sentyabrında Azərbaycan Ordusunun reallaşdırdığı lokal antiterror tədbirlərindən sonra rəsmi Bakının tamamən dəyişdiyi lokal geosiyasi reallıqları dəyişmək, bölgənin yeni geosiyasi və geostrateji formatlanmasına nail olmaq, sonucda isə burada Avropa İttifaqının lider ölkəsi mövqeyinə yiyələnməkdir.
Fransa mediasının bilərəkdən geniş yaydığı və Qərb mass-mediasında təkrarlanan iddiaların tam tərsinə olaraq, Paris bölgənin xam neft və ya təbii qaz ehtiyatlarında maraqlı deyil. Fransanın daxili bazarında elektroenerjiyə olan tələbat əsasən atom-elektrik stansiyaları vasitəsilə ödəndiyindən Azərbaycanın təbii qazı hələlik Fransa üçün əlahiddə maraq kəsb etmir.
Fransanın digər önəmli marağı İran-Ermənistan-Gürcüstan-Rumıniya və ya İran-Ermənistan-Gürcüstan-Bolqarıstan marşrutlarıdır. Həmin marşrutlarla əsasən, Çindən yüklərin Avropa İttifaqına daşınması nəzərdə tutulur.
İranın hədəfi Çin gəmilərinin Bəndər-Abbas limanına çatması, orada yuklərin dəmiryol qatarlarına yüklənməsi və bəhs olunan marşrutlarla Avropa İttifaqına çatdırılmasıdır.
Hər iki yeni marşrut Azərbaycanın da önəmli nəqliyyat qovşağı və tranzit məkan olduğu «Şimal-Cənub» layihəsinin alternatividir.
İran hazırda Rusiyanın ən önəmli geosiyasi müttəfiqlərindən olduğundan, Tehranın maraqlarının təmin oluna biləcəyi iki hipopetik layihə ilə bağlı Fransanın aktivliyini Rusiya sakit qarşılayır.
Bundan başqa, nəzərdə tutulan layihələr reallaşarsa, Rusiya «Şimal-Cənub» layihəsinin həmin marşrutlardan birinə qoşulması imkanlarını da nəzərdən keçirə bilər.
Ermənistanla Rusiya arasında münasibətlərin son vaxtlar gərginləşməsinə, baş nazir Nikol Paşinyanın aşkar anti-Rusiya məzmunlu bəyanatları sıralamasına rəğmən, Moskva İrəvanı Fransa ilə kommunikasiya qovşağı hesab edir.
İrana gəldikdə isə, Fransanın müdafiə naziri Sebastyan Lekornyu İrəvanda rəsmi səfərdə olarkən heç də təsadüfən «Ermənistandakı fəaliyyətimizlə bağlı İranla ilkin məsləhətləşmələr aparılıb» söyləməmişdi.
Nikol Paşinyanın ölkəsinin MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) fəaliyyətini dondurmaqla yanaşı, de-yure dayandıra biləcəyi barədə son açıqlamasına gəldikdə, İrəvanın KTMT-ni tərk etməsi Rusiyanın Cənubi Qafqazdakı mövqelərini bir qədər zəiflətsə də, Moskvanı hadisələrə təsir rıçaqlarından tam məhrum etməyəcək.
Tam əksinə, Fransanın təlimatları və göstərişləri əsasında Ermənistan Azərbaycana qarşı yeni hərbi təxribatlara əl ataraq vəziyyəti ifrat gərginləşdirərsə, Rusiya adi müşahidəçi mövqe tutmaqla və rutin “qayğılanma” bəyanatları verməklə kifayətlənəcək.
Azərbaycan və Türkiyə isə hazırda Ermənsitan, Hindistan, İran, Fransa, Kipr və Yunanıstandan ibarət geosiyasi toplu ilə üzbəüzdürlər.
Nikol Paşinyanın bəyanatları ilk baxışdan qəribə görünsə də, Rusiyanın maraqlarına tam cavab verir. Rusiyanın mass-mediasında Ermənistan hakimiyyətinin sərt tənqidlərə tuş edilməsi və ya rusiyalı siyasi şərhçilərlə anatiliklərin Paşinyanı hədəfə almaları Moskvanın rəsmi siyasəti deyil.
Reallıq budur ki, Rusiya Ermənistana görə məsuliyyət daşımaq, Azərbaycan və Türkiyə ilə münasibətləri pisləmək istəmir.
Rusiya onu da anlayır ki, hazırda Fransa-İran-Hindistan geosiyasi triosu formalaşmaqdadır.
Bu isə çox ciddi çağırış, bölgədəki vəziyyətə həddən ziyadə mənfi təsir göstərəcək riskdir.