
Aprelin 23-də Tbilisi Şəhər Məhkəməsində keçmiş müdafiə naziri Cuanşer Burçuladze, onun keçmiş müavini Giorgi Xaindrava, Burçuladzenin qaynı Vasil Mxeidze və Müdafiə Nazirliyinin Təchizat Departamentinin keçmiş rəisi Vladimir Quduşaurinin son məhkəmə iclası keçirilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Məhkəmə həmin 4 şəxsi təqsirli bilib.
Məhkəmənin hökmü ilə Cuanşer Burçuladze əmlakı müsadirə olunmaqla 10 il müddətinə azadlıqdan məhrum edilib.
Giorgi Xaindrava və Vasil Mxeidze 8 il müddətinə azadlıqdan məhrum olunublar.
Müdafiə Nazirliyinin Təchizat Departamentinin keçmiş rəisi Vladimir Quduşauri isə 4 il müddətinə şərti azadlıqdan məhrum edilib, 10.000 lari məbləğində cərimə olunub.
Xatırladaq ki, Gürcüstan məhkəməsi 13 sentyabr 2025-ci il tarixində hakimiyyətdən sui-istifadə və qanunsuz gəlirlərin leqallaşdırılmasında ittiham olunan, ölkənin eks-müdafiə naziri C.Burçuladzeni həbs etmişdi. Qeyd olunurdu ki, o, 2023-cü ildə hərbi hospitalı 1,4 milyon dollar əvəzinə, dəyəri 966 min dollardan çox olan avadanlıqla təmin edib. Bu zaman nazirliyə dəyən ziyan 483 min dollardan çox olub. Bundan əlavə, həmin il o, həyat yoldaşı ilə birlikdə İspaniyada daşınmaz əmlak alıb və əmlakın mənşəyini gizlətmək üçün Tsxnetidə saxta alqı-satqı müqaviləsi imzalayıb.