NATO-nun Baş katibi Yens Stoltenberqin martın 17-də Azərbaycana rəsmi səfəri, Prezident İlham Əliyevlə görüşü və səsləndirdiyi bəyanatlar istər region, istərsə də dünyamız üçün nə qədər ümidverici notlarla yadda qalsa da, onun İrəvan səfəri ərəfəsində fərqli məlumatlar almağa başladıq.
Belə ki, NATO-nun baş katibi Stoltenberq və Ermənistanın baş naziri Paşinyan arasında İrəvanda keçirilən görüş fonunda ABŞ dövlət katibi Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyen arasında Paşinyan və Stoltenberqlə geniş tərkibdə 2024-cü ilin aprelində görüşün hazırlandığı barədə məlumatın yayılması hadisələrin tamamilə fərqli məcrada inkişaf etdiyi görüntüsü yaratdı.
Bakı və İrəvana səfərlərdən sonra bir məsələ xüsusilə qabarıq şəkildə diqqət çəkdi: NATO baş katibi Yens Stoltenberqin Cənubi Qafqaz səfəri zamanı əsas hədəf Rusiyaya qarşı bu bölgədən cəbhənin açılması, region ölkələrinin ruslarla müharibədə Qərb cəbhəsinə dəstəyini təmin etməkdir.
Çox güman Qərb bu dəfə də yaxşı anladı ki, Azərbaycandan, müstəqil siyasət yürüdən bir dövlət kimi, bunu istəmək mümkün olmayacaq. Çünki Azərbaycan Ermənistan deyil. Ən azından İrəvandan fərqli olaraq, Bakının Qərbin və başqa bir diplomatik mərkəzlərin sifarişlərini icra etmək niyyəti və istəyi yoxdur.
Baxmayaraq ki, Azərbaycan NATO üçün təkcə müttəfiq ölkələrin enerji təhlükəsizliyində oynadığı rola görə yox, Cənubi Qafqazda istəyinə nail olmaq üçün də əhəmiyyətli ölkədir. Ermənistandan fərqli olaraq, Azərbaycanın öz siyasi xətti var və uzun illər nəticə əldə etməyə imkan verən balans siyasətindən əl çəkmək fikrində deyil.
Lakin proseslərə təsir imkanları daha çox olan Azərbaycandan fərqli olaraq xarici siyasətində hər zaman "köləlik diplomatiyası" ön planda olan Ermənistan, görünür, Stoltenberqin İrəvan səfərindən sonra fikrini daha da qətiləşdirib. Ehtimal olunur ki, ABŞ və Avropa İttifaqı Ukrayna ilə Böyük Britaniya, Fransa, Almaniya və digər ölkələr arasında ikitərəfli sazişlər kimi Ermənistana təhlükəsizlik zəmanətləri vermək üçün pakt imzalamağa hazırlaşır. Belə olan halda regionda geosiyasi hadisələr öz məcrasından çıxa bilər.
NATO baş katibinin “Rusiyanın Ukraynada qalib gələcəyi təqdirdə, hər kəs üçün daha təhlükəli olacağını” İrəvanda da bəyan etdiyini yada salaq. Onsuz da Ermənistanla Rusiya arasında diplomatik əlaqələr son 4 ilə yaxın bir müddətdə pisləşməyə doğru xeyli yol qət edib.
İrəvan Rusiyanın orbitindən çıxmaq üçün "tarixi şans" qazandığı qənaətindədir. Hazırda da bu münasibətlərin müsbət heç nə vəd etmədiyi aydın görünür:
- İrəvandan KTMT məsələsindəki qərarlılıq;
- Ermənistan parlamentinin Azərbaycanla sərhəddə Aİ missiyasının statusu haqqında sazişi ratifikasiya etməsi. Bununla rəsmi İrəvan ən böyük zərbəni ömür boyu forpostu olduğu Rusiyanın hərbi imkanlarından imtina etməklə, onun hərbi mövcudluğuna son qoymağı legitimləşdirməklə, Kremlə vurmuş olur;
- Ermənistanda bankların əksəriyyəti martın 30-dan Rusiyanın "Mir" ödəniş sisteminin kartlarının qəbulunu dayandırması ilə bağlı qərar verməsi... Bu, digər adla Ermənistanın Rusiyaya qarşı sanksiyalara qoşulması deməkdir.
Qərblə Rusiya arasında “oynayan" İrəvan üçün bu rəqs sonuncuya bənzəyir. Bu, şübhəsiz ki, mümkün olan ən pis variantdır, lakin indi artıq göz qabağındadır ki, Rusiyanın nüfuzu proqressiv şəkildə postsovet məkanından sıxışdırılır. Göründüyü kimi, bu məsələdə ən aktiv oyunçu Ermənistandır. Paşinyanın Fransa və ABŞ kimi Qərb dövlətləri ilə hərbi əməkdaşlığa kəskin dönüş yaratmaq üçün atdığı addımlar belə deməyə əsas verir.
Qərbin Rusiyaya qarşı planı hər kəsə məlumdur. Qitənin nüfuzlu təhsisatları və qurumları Moskvadan fərqli olaraq Bakıya qarşı ikibaşlı oyunu ilə diqqət çəkir. Brüsseldə ABŞ dövlət katibi Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyen arasında Paşinyan və Stoltenberqlə geniş tərkibdə 2024-cü ilin aprelində görüşə hazırlıqların görülməsi, Ermənistana təhlükəsizlik qarantiyasının yaradılması istiqamətində bu qədər canfəşanlığı rəsmi Bakıya qarşı ədalətsiz mövqedən başqa bir şey deyil. Çünki bu addım heç cürə Azərbaycanla Ermənistan arasında sülh prosesinə dəstək kimi qələmə verilə bilməz. Qərbin bu addımı məsələni birtərəfli qaydada həll etmək cəhdidir. Bu da Azərbaycanın maraqlarına cavab vermir və ölkəmizə qarşı növbəti qərəzli mövqedir.
"Bəs Ermənistan Qərbdən bu "etimadı" necə qazandı", - sualının cavabı da çox sadədir. Bu dövlət ən yaxın müttəfiqlərini zaman-zaman daha güclü tərəflərə satmağı artıq vərdiş halına gətirib. Ermənistan hakimiyyəti üçün müqəddəs heç nə yoxdur. Paşinyan rejimi çox yaxşı anlayır ki, lazımi siyasi iradəyə malik deyil. Bu isə öz-özlüyündə Ermənistanın dövlətçiliyi, mövcud iqtidarın davamlılığı, habelə Paşinyanın təhlükəsizliyi üçün əlavə təhdid deməkdir. Bunu o özü də başa düşdüyü üçün fevralın 18-də Almaniyadakı erməni icmasının nümayəndələri ilə görüşündə "Biz xarici siyasətimizi şaxələndirməliyik. Həmçinin, təhlükəsizlik və digər sahələrdə əlaqələrimizi şaxələndirmək lazımdır. Başqa yol yoxdur”, - deyərkən məhz ağalarını dəyişməyin zamanının çatdığını, "köləlik" siyasətində yeni bir dönəmin başladığına işarə edirmiş.
Qərb hər vəchlə Cənubi Qafqaza daxil olub, Rusiyanın əsas nəfəsliyini də qapatmaq fikrində qətidir. Onlara bu məsələdə yenə vasitəçi Ermənistan olur. Bu, Aİ-nin missiyasından sonra Qərbin daha geniş miqyasda regiona hərbi cəhətdən daxil olması cəhdidir ki, mövcud vəziyyət regionda partlayışa və formalaşmaqda olan regional təhlükəsizliyə böyük zərbə ola bilər.
Görünür, Qərbdə düşünürlər ki, Cənubi Qafqazın qapısını açmaq Rusiyanı bu regiondan, Mərkəzi Asiyadan sıxışdırıb çıxarmaq istiqamətində əsas addımdır. Regionun təhlükəsizliyinin əsas qarantisi olan Azərbaycanın mövqeyi bütün dünyaya bəllidir. Rəsmi Bakı onun ərazi bütövlüyünə, sərhədlərinin təhlükəsizliyinə təhdid hesab edilən istənilən qərara qarşı olduqca sərt və amansız mövqe sərgiləyəcək.
Lakin bu məsələdə digər region dövlətləri Rusiya və İran daha çox narahatlıq keçirməlidirlər. Əgər burada söhbət Rusiyanın regiondan sıxışdırılıb çıxarılmasından gedirsə, İran üçün isə Ermənistanla sərhədlərində onun təhlükəsizliyinə ciddi təhdid yaranmağa başlaya bilər. Uzun illər Ermənistana havadarlıq edən, işğalçılıq siyasətinə qarşı heç vaxt bir tədbir görmək barədə düşünməyən sözügedən qonşular bu plana vaxt itirmədən cavab vermək barədə düşünməlidirlər. Cavab özünü çox gözlədəcəyi təqdirdə, onları hansı təhdidlər gözlədiyini Moskvada da, Tehranda da yaxşı bilirlər. Ermənistanın "təhlükəsizlik kəməri" adı altında indi ən böyük zərbəni Rusiya və İrana vuracağı istisna edilmir.